...

Azərbaycanlı politoloq: Rusiyalı komandir siyasi bəyanatlar vermək əvəzinə hərbi-sıra hazırlığı ilə məşğul olmalıdır

Nəzər nöqtəsi Materials 4 Noyabr 2013 12:23 (UTC +04:00)
"Həyat və təcrübə göstərir ki, hərbi qulluqçular özlərinin birbaşa öhdəlikləri ilə məşğul olmadıqda, həmişə fors-major vəziyyətlər yaranır".
Azərbaycanlı politoloq: Rusiyalı komandir siyasi bəyanatlar vermək əvəzinə hərbi-sıra hazırlığı ilə məşğul olmalıdır

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir S.Ağayeva/

"Həyat və təcrübə göstərir ki, hərbi qulluqçular özlərinin birbaşa öhdəlikləri ilə məşğul olmadıqda, həmişə fors-major vəziyyətlər yaranır". Bunu bazar ertəsi Trend-in Ekspert Şurasının üzvü, Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov RF SQ-nin Cənub Hərbi Dairəsinin 102-ci hərbi bazasının komandiri, polkovnik Andrey Ruzinskinin bəyanatını şərh edərkən bildirib.

Fikrət Sadıqov deyib: "Mən bu polkovnikin hansı psixoloji və fiziki durumda olduğunu bilmirəm, amma onun bu kobud bəyanatı, əlbəttə, nə Rusiya və Azərbaycanın ikitərəfli əlaqələrinin formatına, nə də baş verən hadisələrin məntiqinə uyğun gəlir".

Politoloqun sözlərinə görə, Azərbaycan Ermənistana qarşı hansısa hərbi aksiya və əməliyyat aparmağa hazırlaşdığını heç vaxt bəyan etməyib və söhbət Azərbaycanın ayrılmaz tərkib hissəsi, bütün nüfuzlu beynəlxalq təşkilatlar, lider dövlətlər, dövlət başçıları tərəfindən tanınan Dağlıq Qarabağın azad olunmasından gedir.

Sadıqov deyib ki, rusiyalı komandir belə bəyanatlar vermək əvəzinə daha çox hərbi-sıra hazırlığı ilə məşğul olmalıdır və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində siyasi savadsızlığı aradan qaldırmaq lazımdır.

102-ci hərbi bazanın nəzarət zonasında hərbi-siyasi vəziyyət qeyri-sabit olaraq qalır və Ermənistan-Azərbaycan münaqişəsində qarşıdurmanın eskalasiyasının mümkünlüyü ilə bağlı bir sıra stabilliyi pozan amillərin mövcudluğu ilə səciyyələnir. Trend-in Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyası (RF) Hərbi Qüvvələrinin Cənub Hərbi Dairəsinin 102-ci hərbi bazasının komandiri, polkovnik Andrey Ruzinski deyib.

Ruzinskinin sözlərinə görə, Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayarsa, RF-nin Ermənistandakı bazası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq hərbi münaqişəyə qoşula bilər.

Rusiyanın Ermənistandakı hərbi bazası 1994-cü il sentyabrın 1-də formalaşdırılıb. Onun tərkibinə 3624-cü aviasiya bazası və 988-ci zenit raket alayı daxil olub. 2001-ci ildə bu hissələr MDB ölkələrinin Birləşdirilmiş Hava Hücumundan Müdafiə Sistemində döyüş növbəsində yerini tutub, bazanın özü isə Rusiya Federasiyası və Ermənistan qoşunlarının birləşdirilmiş qruplaşmasının tərkibinə daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti