Bakı. Samir Əli - Trend:
Son 2-3 gündə Quba yolunda baş vermiş faciə mənə də pis təsir edib.
Trend-in məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyib.
O bildirib ki, təəssüf ki, respublikanın bütün avtomobil yollarında hadisələr olur:
"Quba yolundakı faciə də o hadisələrdəndir. Yollarda hərəkət sürətini göstərən yol işarələri var. Əgər sürücülər həmin işarələrə nəzarət etsələr, təhlükəsiz hərəkət edə bilərlər.
Həmin yol Bakı-Sumqayıt dairəvi yoludur. Bu yol 1984-cü ildə çəkilib. 2008-ci ildə həmin yol yenidən qurulub. Həmin vaxt o yolda çəkmələr nəzərə alınıb. Biz bu yolda təmir işləri aparırıq. Həmin yolda 3 hərəkət zolağından iki hərəkət zolağına keçid var. Orada yolun daralması və 60 km-lik sürət həddi işarəsi qoyulub. Hadisənin səbəblərinin yolun təmirsiz olması ilə əlaqələndirmək düzgün deyil".
S.Məmmədov bildirib ki, Quba-Rusiya sərhədi avtomobil yolu 2010-cu ildə istifadəyə verilib:
"Ola bilsin ki, layihə düzgün icra olunmayıb, çəkilişdə səhlənkarlığa yol verilib, deyə o yol sıradan çıxıb. O yolun beton örtüyünün dəyişdirilməsinə böyük vəsait lazımdır.
Buna görə də həmin yola alternativ yol çəkilib. Həmin yol 2022-ci ildə istifadəyə veriləcək".
Qeyd edək ki, fevralın 17-də Bakı-Quba-Rusiya yolunun H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində körpüdən avtomobilin aşması nəticəsində bir ailənin bütün üzvləri həyatını itirib. Qəzanın görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra bir sıra vətəndaşlar qəzanın səbəbi kimi yolun hamar olmamasını göstərirdilər.