...

Bakının mərkəzində yanğının baş verdiyi binanın sakinləri bir-birini yanğının qəsdən törədilməsində ittiham edirlər

Hadisə Materials 6 Aprel 2008 02:29 (UTC +04:00)
Bakının mərkəzində yanğının baş verdiyi binanın sakinləri bir-birini yanğının qəsdən törədilməsində ittiham edirlər

Azərbaycan, Bakı, 5 aprel / Trend müxbir İ.Əlizadə/ Aprelin 5-də Bakının mərkəzində yanğının baş verdiyi binanın sakinləri bir-birini yanğının qəsdən törədilməsində ittiham edirlər. "Yanğını Svetlana Medvedeva adlı şəxs törədib", - deyə şənbə günü Trend -un müxbirinə 28 may, 3 ünvanında yerləşən binada Əzizə adlı şəxsə məxsus mənzildə təmir aparan iş icraçısı Anar Məmmədov bildirib.

Məmmədov deyib ki, S.Medvedeva qeyri-qanuni olaraq qonşusunun mənzilinin giriş dəhlizini özəlləşdirib. "Sonradan Svetlana Medvedeva bu dəhlizi başqa adamlara satıb. Üstəlik o Əzizə xanıma imkan vermirdi ki, mənzilində təmir işləri aparsın", - deyə o əlavə edib.

İş icraçısı qeyd edib ki, qonşuların mübahisəsinə artıq Səbail rayon məhkəməsində baxılıb. Nəticədə məhkəmə müvafiq qərar çıxarıb. Qərara əsasən S.Medvedeva Əzizə xanımın mənzilinin giriş dəhlizini boşaltmalı idi. Lakin o bunu etməyib. Bundan sonra Əzizə xanım yenidən məhkəməyə müraciət edib. İki gündən sonra məhkəmə yenidən bu məsələyə baxmalıdır.

"Medvedeva işi uduzacağını bilir. Ona görə də bilərəkdən binada yanğın törədib. Medvedeva dəfələrlə deyib ki, özünü və binanı yandıracaq, ancaq dəhlizi heç kimə verməyəcək", - deyə Məmmədov bildirib.

Məmmədov həmçinin əlaə edib ki, Əzizə xanımın mənzilində təmir zamanı elektrik cihazlar və yanğına səbəb ola biləcək digər vasitələrdən istifadə olunmayıb. Onun sözlərinə görə, yanğının baş verdiyi mənzilin sahibi onu 4-5 ay əvvəl alıb.

Öz növbəsində Tarix Muzeyinin işçisi olan S.Medvedeva Trend -a bildirib ki, mənzildə yanğın qısa qapanma nəticəsində baş verib. "Mənə dəfələrlə mənzili satmaq təklif olunub. Lakin mən hər dəfə mənfi cavab vermişəm", - deyə o bildirib.

Aprelin 5-də 28 may, 3 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində 1899-cu ildə inşa edilən arxitektur binanın üçüncü mərtəbəsi tamamilə dağılıb.

Fövqəladə Hallar Nazirliyinin yanğından müdafiə idarəsinin qərargah rəisi Əkbər Novruzovun Trend a verdiyi məlumata görə, yanğınsöndürənlər və sakinlər arasında yanğından zərərçəkənlər yoxdur.

Yanğın 152 kv. metr ərazini əhatə edib.

Novruzovun sözlərinə görə, yanğını vaxtında söndürmək binanın damına çıxmaq imkanının olmaması maneçilik törədib.

Xəbər lenti

Xəbər lenti