...

Azərbaycanın ali məktəbində kütləvi qətlin araşdırılması üçün Rusiya və Gürcüstana istintaq qrupları ezam olunub – Baş Prokurorluq və DİN-nin birgə məlumatı

Hadisə Materials 15 May 2009 21:28 (UTC +04:00)
Azərbaycanın ali məktəbində kütləvi qətlin araşdırılması üçün Rusiya və Gürcüstana istintaq qrupları ezam olunub – Baş Prokurorluq və DİN-nin birgə məlumatı

Azərbaycan, Bakı, 15 may / Trend /  Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) Gürcüstan vətəndaşı Fərda Qədirovun törətdiyi kütləvi qətlin araşdırılması məqsədilə Rusiya və Gürcüstana istintaq qrupları ezam olunub, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin cümə günü yaydıqları birgə məlumatda bildirilib.   

Fərda Qədirov əvvəllər Rusiya Federasiyası və Gürcüstanda yaşayıb.

Trend -un arayışı: Aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.

Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur. Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı həbs olunmuş Gürcüstan vətəndaşı Nadir Əliyevə qarşı Cinayət Məcəlləsinin 32.5, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmədə iştirakçılıq), 32.5,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmədə iştirakçılıq), 32.5,120.2.7 (iki və ya daha çox şəxsi öldürmədə iştirakçılıq), 29, 32.5, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhddə iştirakçılıq), 29, 32.5,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhddə iştirakçılıq), 29, 32.5, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhddə iştirakçılıq) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə), Marneuli rayonunun Şulaveri qəsəbə sakini Cavidan Amirova qarşı 228.1-ci və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama) maddələri ilə ittihamlar irəli sürülüb. 

Məlumatda bildirilib ki, Fərda Qədirovun cinayəti törətdiyi gün yaşadığı ünvandan Dövlət Neft Akademiyası istiqamətində keçdiyi yolu qeydə almış videokameraların görüntüləri, habelə onun hərəkət trayektoriyası öyrənilməkdədir.

Gürcüstanın hüquq mühafizə orqanları ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində Fərda Qədirovun Daştəpə kəndində yaşadığı evdə aparılmış axtarış zamanı ona məxsus müxtəlif sənədlər, o cümlədən cinayətdə istifadə etdiyi tapançanı 24 oktyabr 2008-ci il tarixdə "Kula ARMS Corciya" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus Tbilisi şəhərindəki silah mağazasından alması barədə qəbz, 14 ədəd patron, güllə və giliz, hər biri 50 patron tutumu olan iki qutu, düyməli bıçaq, silah təmizləmək üçün ləvazimat, birdəfəlik istifadə üçün əlcəklər, habelə əlində silah tutduğu vəziyyətdə çəkilmiş üç fotoşəkli aşkar edilib.

Fotoşəkillərdən ikisinin arxasında "24 fevralya 2009 q. Qadirov Farda Odinokiy Volk", digərində isə "U menya kajdıy şaq smert. 10 noyabrya 2008 q. Qadirov Farda" sözləri yazılıb.

Əşyaların içində, həmçinin, müxtəlif telefon nömrələri olan qeydlər, 15 ədəd videokasset, üzərində rus dilində "Telefonun kamerasına bax, görərsən mən kiməm" yazısı olan kağız parçası, telefonunda isə "Mənim üçün məhəbbət yoxdur, yalnız nifrət var, Bakıya gəlirəm, qarşıma kim çıxsa, yaşına baxmadan bax belə vuracağam, polisə təslim olmayacağam, öldürməkdən həzz alacağam" deməsini, canavar maskası taxmasını və tapançadan atəş açmasını nümayiş etdirən videogörüntülər aşkar edilərək götürülüb.

Gürcüstanın hüquq mühafizə orqanlarının yaxından köməkliyi ilə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Fərda Qədirovun 2008-ci ilin oktyabrında Rusiya Federasiyasından Daştəpə kəndinə qayıtdıqdan sonra oktyabr-noyabr aylarında 1961-ci il təvəllüdlü milliyyətcə erməni olan, lakin özünü gürcü kimi təqdim etmiş Gürcüstan vətəndaşı Qriqoryan Sergey Yeqoroviçlə telefon əlaqəsi yaradaraq mütəmadi görüşməsi, birlikdə silah mağazasından 500 lariyə "Makarov" tapançası və 200 lariyə 100 ədəd patron alması müəyyən edilib.

Törədilmiş bu ağır cinayətdə Sergey Qriqoryanın əlaqəsinin olub-olmaması və tapançanın əldə olunmasının qanunauyğunluğunun müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri aparılır. Eyni zamanda, Dövlət Sərhəd Xidməti ilə birlikdə həmin silahın dövlət sərhədindən Azərbaycana hansı yolla keçirilməsi faktı araşdırılır.

Valideynlərinin və yaxınlarının Fərda Qədirovun meyitinin qəbulundan imtina etmələri səbəbindən cəsədi sahibsiz kimi dəfn olunub.

Ölkə rəhbərliyinin şəxsi nəzarətində olan cinayət işinin istintaqının tam, hərtərəfli və operativ araşdırılması üçün hüquq-mühafizə orqanları tərəfindən qısa müddətdə aşkarlanmış əhəmiyyətli maddi sübutlar, faktlar və başqa zəruri xüsusatlar barədə ictimaiyyət ətraflı məlumatlandırılsa da, təəssüf ki, müxalifət yönümlü ayrı-ayrı siyasi partiyaların nümayəndələri, onların mətbu orqanları və xaricdəki havadarları baş vermiş faciəli hadisədən də öz çirkin siyasi məqsədləri üçün faydalanmağa yönələn cəhdlər edirlər.

Bunun üçün onlar müxtəlif ali məktəblərdə təhsil alan gənclər arasında həqiqətə uyğun olmayan, heç bir reallığa söykənməyən, yalnız ictimai-siyasi vəziyyəti gərginləşdirmək niyyəti güdən şayiələr yayır, vətəndaşları, hətta məktəbliləri belə aldatmağa, əsl həqiqətdən yayındırıb yanlış yola istiqamətləndirməyə səy göstərirlər.

Xalqın dövlətə, dövlətçiliyə, əmin-amanlığın dönməzliyinə olan inamını zəiflətmək üçün keçmişdə də çoxsaylı insan ölümü ilə nəticələnən cinayətlər törədilmiş, faciəli hadisələrdən istifadə etməyi özlərinə ar bilməyənlər isə bu günün özündə belə cəmiyyətin daim matəm içində yaşamasına, vətəndaşların gələcəyə ümidini itirməsinə çalışırlar. Lakin ictimai asayişin pozulmasına yönəlmiş hər bir cəhdin qarşısı qətiyyətlə alınacaq, onların təşkilatçıları və iştirakçıları barəsində adekvat tədbirlər görüləcək.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bildirir ki, hazırda işin bütün hallarının araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti