Xilas edilmiş Azərbaycan vətəndaşlarının adları əlavə olunub (ilk xəbər 14:08-də yayılıb)
Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.Hüseynov /
Qara dənizdə fəlakətə uğrayan Türkiyənin "Beşiktaş" yük gəmisinin itkin düşmüş ekipaj üzvlərinin arasında Azərbaycan vətandaşları yoxdur. Bu barədə Trend-ə Rusiya FHN-nin Cənub Regional Mərkəzinin baş operativ növbətçisi bildirib.
"İki nəfər itkin düşüb. Onlar Makedoniya və Gürcüstan vətəndaşlarıdır. Təxliyə edilmiş on nəfərdən ikisi Azərbaycan vətəndaşıdır", - növbətçi deyib.
Məlumata əsasən, ekipajın xilas edilmiş üzvləri arasında Sadiqov Səyyad (1971-ci il təvəllüdlü) və Həsənov Sahib (1969-ci il təvəllüdlü) olub. Dənizçilərin vəziyyəti normaldır.
Xəbər verdiyimiz kimi, yük gəmisinin ekipajının üzvləri arasında Azərbaycan, Türkiyə və Gürcüstan vətandaşları var idi. Bu barədə Rusiya 24 telekanalı məlumat yaymışdı.
"Biz yük gəmisinin heyətinə daxil olan 10 nəfəri təxliyə etmişik. Lakin adları ekipaj siyahısında olanlardan 2 nəfər itkin düşüb. Ehtimala görə onlar həlak olub. Hadisə yerində işlər davam etdirilir", bunu Trend-ə Rusiya FHN-nin Soçi şəhəri üzrə şöbəsindən bildiriblər.
"Beşiktaş" yük gəmisi Türkiyədən Rusiyaya hərəkət edirdi. Yerli vaxtla saat 6:00 radələrində Soçi şəhərinin sahillərində güclü fırtınaya yaxalanan gəmi iki yerə bölünərək batmağa başlayıb. Soçi limanına xilasedicilər, FHN-nin əməkdaşları və tibbi yardım maşınları yollanıb. Xilasetmə işləri aparılıb. Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.
Foto - Rusiya 24 telekanalının rəsmi saytı