...

Bu il Bakıda 6650-yə yaxın cinayət hadisəsi qeydə alınıb

Hadisə Materials 18 İyul 2017 17:43 (UTC +04:00)
Bu ilin birinci yarısında Bakıda 6650-yə yaxın cinayət hadisəsi qeydə alınıb.
Bu il Bakıda 6650-yə yaxın cinayət hadisəsi qeydə alınıb

Bakı. Trend:

Bu ilin birinci yarısında Bakıda 6650-yə yaxın cinayət hadisəsi qeydə alınıb. Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, bunu geniş əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib.

Qeyd olunub ki, 2017-ci ilin I yarısında 6644 cinayət hadisəsi qeydə alınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə onların açılma faizi 0,3% artaraq 79,9%, ağır və xüsusilə ağır cinayətlərin sayı 38 hadisə və ya 3,4% azalaraq 1070 olub.

Hesabat dövründə qeydə alınmış 31 qəsdən adam öldürmə cinayətinin (2016-cı ilin müvafiq dövründə həmin sayda), o cümlədən qeyri-aşkarlıq şəraitində törədilmiş qəsdən adam öldürmə cinayətlərinin, eləcə də 7 qəsdən adam öldürməyə cəhd cinayətinin (2016-cı ilin müvafiq dövründə 13 hadisə) açılması təmin edilib.

2017-ci ilin birinci yarısında qəsdən adam öldürmə cinayətlərinin sayı sabit qalıb, qəsdən adam öldürməyə cəhd cinayətlərinin sayı isə azalıb ki, bu da Azərbaycanda ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində aparılan işlərin göstəricilərindən biridir.

Hesabat dövründə isə 38 quldurluq hadisəsi, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 hadisə az baş verib, onlardan 7-si bağlı qalıb.

Ölümlə nəticələnən 87 yol-nəqliyyat hadisəsi qeydə alınıb və həmin hadisələrdən bağlı qalanı olmayıb.

Şəhərin prokurorluq orqanlarının icraatında olmuş 551 işdən 276-sı, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 5490 cinayət işindən 2369-nun istintaqı tamamlanıb.

Hesabat dövründə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 1 milyon 275 min manat maddi ziyandan 13.6%-i yəni, 168 min manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 13 milyon 761 min manat maddi ziyandan 55%-i yəni, 7 milyon 562 min manatı istintaq zamanı ödətdirilib.

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı yol verilmiş nöqsanlar da diqqətə çatdırılıb. Bildirilib ki, quldurluq cinayətlərinin sayının azalmasına baxmayaraq, onlardan 7 cinayət faktının tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, cinayət nəticəsində vurulmuş ziyanın istintaq zamanı ödətdirilməsi sahəsində dönüş yaradılmasının zəruriliyi vurğulanıb. İstintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti