...

Prokuror müavini: Tankerdə baş vermiş partlayışla əlaqədar cinayət işi başlanıb

Hadisə Materials 19 Dekabr 2006 12:17 (UTC +04:00)

Dekabrın 18-də Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Paris Kommunası adına gəmi təmiri vahidliyində təmirdə olan "Şəmkir" tankerində qaynaq işləri aparılarkən baş vermiş partlayışla əlaqədar cinayət işi başlanıb. Bu barədə Trend ə Səbail rayon prokurorunun müavini Elçin Sultanov məlumat verib.

Prokuror müavinin sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə (texniki təhlükəsizlik qaydalarının pozulmasının və ağır nəticələrə səbəb olması) cinayət işi başlanıb.

"Cinayət işi hələlik yalnız faktla əlaqədar qaldırılıb və təqsirləndirilən şəxs qismində cəlb olunan yoxdur. Hazırda ekspertiza işləri davam etdirilir. Ekspertizanın nəticələrindən sonra kiminsə təqsirləndirilən şəxs qismində cəlb olunub-olunmayacağını demək olar" - deyə E.Sultanov bildirib.

Əgər hər hansı şəxs bu maddə ilə təqsirləndirilən qismində cəlb edilərsə, o zaman həmin şəxsi 3 ildən 5 ilə qədər həbs gözləyir.

Prokuror müavini hadisə zamanı yaralanmış və hazırda xəstəxanada olan fəhlələrin vəziyyətlərinin orta ağır olaraq qaldığını bildirib.

Qeyd edək ki, dekabrın 18-də saat 14:27 radələrində Neftçilər prospekti, 39 ünvanında yerləşən Dövlət Xəzər Gəmiçiliyinin Paris kommunası adına gəmi təmiri vahidliyində təmirə dayanmış və tutumu 12.500 ton olan "Şəmkir" tankerinin maşın bölməsində qaynaq işləri aparılarkən patlayış baş verib. Partlayış nəticəsində 3 kvadrat metr sahədə yağ qalıqları yanıb.

Yanğın saat 14.53 radələrində söndürülüb.

Yanğın nəticəsində 1968-ci il təvəllüdlü Qurbanlı Cəlil Heybət oğlu hadisə yerində dünyasını dəyişib, 1968-ci il təvəllüdlü Musayev Elçin Çingiz oğlu, 1942-ci il təvəllüdlü Əsgərov Kamil Xənəlı oğlu və 1972-ci il təvəllüdlü Məmmədəliyev Zahid Musa oğlu müxtəlif dərəcəli yanıq xəsarəti alaraq xəstəxanaya aparılıblar.

Xəbər lenti

Xəbər lenti