...

Monitorinq zamanı baş verən insidenti neqativ hal kimi qiymətləndirirəm - ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2009 22:52 (UTC +04:00)
Monitorinq zamanı baş verən insidenti neqativ hal kimi qiymətləndirirəm - ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir E.Rüstəmov / Cəbhə xəttində monitorinq zamanı atəş səslərini eşitdik və buna görə də monitorinqi dayandırmaq qərarına gəldik. Bu sözləri bu gün ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıdakı mətbuat konfransında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik deyib.
 "Tərəflər həm mənim, həm də monitorinqdə iştirak edən beş həmkarımın təhlükəsizliyinə təminat verir. Ona görə də mən baş verənləri neqativ hal kimi qiymətləndirirəm" - deyə Kaspşik bildirib.
Onun sözlərinə görə, insidentlə əlaqədar öz rəhbərliyinə və ATƏT-in Minsk qrupuna hesabat hazırlayacaq. "Bu hesabat çap edilməyəcək" - deyə o vurğulayıb.
Azərbaycanın Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolu yaxınlığındakı qoşunların təmas xəttində fevralın 26-da keçirilməsi planlaşdırılan monitorinq yarımçıq dayandırılıb, Trend -a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətinin məlumatına görə, hər iki tərəfdə olan nümayəndələr müşahidələrə başlayaraq, vəziyyətlə bağlı bir-birləri ilə radio əlaqəyə giriblər. Elə bu zaman erməni tərəfdən avtomat silahıyla iki dəfə tək-tək, sonra isə aramsız atəş açılıb. Daha sonra isə bir dəfə tək atəş açılıb və bununla da avtomatların səsi kəsilib. Həmin atəşlərin Azərbaycan tərəfdə olan monitorinq qrupuna yönəldiyi aydın olub. Hətta beynəlxalq monitorinq qrupunun nümayəndələri də güllə səslərindən açıqca hiss ediblər ki, atəş onlara tərəf hədəflənib. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjev Kaspşik monitorinqi dərhal dayandırmağa göstəriş verib. Eyni zamanda o, qarşı tərəfdə olan monitorinq qrupuna baş vermiş insidenti araşdırmağı tapşırıb.  
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti