...

Əsirlikdə olan azərbaycanlı hərbçinin Ermənistan vətəndaşlığını almaq istəyində olması barədə məqsədli məlumatlar yayılır -Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyun 2009 11:24 (UTC +04:00)
Əsirlikdə olan azərbaycanlı hərbçinin Ermənistan vətəndaşlığını almaq istəyində olması barədə məqsədli məlumatlar yayılır -Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Müdafiə Nazirliyi əsirlikdə olan hərbçi Rafiq Həsənovun Ermənistan vətəndaşlığını almaq istəyində olması barədə məqsədli şəkildə xəbərlərin yayıldığını açıqlayıb.

"Ermənistan tərəfinin bu cür məkrli siyasəti yenilik deyil. Onların belə bir xəbər yaymasını ötən gün iki erməni hərbçisinin könüllü olaraq Azərbaycana əsir düşməsinə cavab kimi qiymətləndirmək olar", - çərşənbə axşamı Trend -a Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev bildirib.

Trend -un arayışı: Ermənistanın müdafiə naziri Seyran Oqanyan dünən jurnalistlərə açıqlamasında əsirlikdə olan Azərbaycan hərbçisi Rafiq Həsənovun ölkəsinə qayıtmaq istəmədiyini və Ermənistan vətəndaşlığı almaq arzusunda olduğu barədə açıqlama verib.

Əsgər Həsənov oktyabrın 8-də Ermənistan tərəfinə əsir düşüb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Abdullayev deyib ki, Ermənistan tərəfi Həsənova işgəncə vermək yolu ilə bu cür açıqlamalar verməyə məcbur edir.

Trend -un arayışı: Mayın 31-də Azərbaycan tərəfə könüllü əsir düşmüş erməni hərbçiləri - 1991-ci il təvəllüdlü Harutunyan Ohan Vadinagiyeviç və 1991-ci il təvəllüdlü Tomosyan Gevorq Serjikoviçdir. Hazırda həmin şəxslər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən saxlanılır və barələrində zəruri araşdırmalar aparılır.

Bundan əlavə, fevralın sonunda ermənilərin daha 3 hərbçisi - Qrant Markosyan, Artur Vartevyan və Alik Tevosyan Ağdamın Evcidüzü ərazisində könüllü olaraq Azərbaycan tərəfinə əsir düşüb.

Azərbaycanın isə Ermənistanda 2 əsiri var.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti