...

Moskvada "Qarabağ gündəliyi" kitabının təqdimatı olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2010 10:26 (UTC +04:00)
Bazar ertəsi Moskvada Rusiya Dövlət Kitabxanasında tanınmış rusiyalı yazıçı, professor Yuri Pompeyevin "Qarabağ gündəliyi" kitabının təqdimatı olub. Kitab müəllifin xatirələrinin əsasında yazılıb. Bu barədə İslam Konfransı Təşkilatı Gənclər Forumunun məlumatında bildirilir.
Moskvada "Qarabağ gündəliyi" kitabının təqdimatı olub

Azərbaycan, Bakı 1 mart / Trend , müxbir Ü.Sadıxova/

Bazar ertəsi Moskvada Rusiya Dövlət Kitabxanasında tanınmış rusiyalı yazıçı, professor Yuri Pompeyevin "Qarabağ gündəliyi" kitabının təqdimatı olub. Kitab müəllifin xatirələrinin əsasında yazılıb. Bu barədə İslam Konfransı Təşkilatı Gənclər Forumunun məlumatında bildirilir.

Kitab İKT GF-nin mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülən "Xocalıya ədalət" kampaniyası çərşivəsində nəşr edilib. Tədbirdə çıxış edən Leyla Əliyeva müəllifin Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi üzrə çoxillik fəaliyyətini qeyd edib və əmin olduğunu bildirib ki, bu kitabın sayəsində Rusiya ictimaiyyətində Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və onun ağır nəticələri haqqında obyektiv fikir yaranacaq.

"Həmin çətin vaxtlarda Yuri Aleksandroviç dəfələrlə Qafqazdakı qaynar nöqtələrdə olub, Qarabağda separatçı hərəkatın təkcə Azərbaycanın ərazi bütövlüyünə deyil, ümumilikdə ölkəyə, milyonlarla insanın taleyini birləşdirən böyük evə düşünülmüş zərbələr endirməsini öz gözləri ilə görüb", - Leyla Əliyeva deyib.

Tarixçilər, ekspert-politoloqlar və konfliktoloqlar üçün xüsusi maraq doğuran "Qarabağ gündəliyi" kitabı tarixi-publisist janrda, tarixi sənədlərin və müəllifin Qarabağ münaqişəsinə cəlb edilən siyasi, ictimai xadimlər, jurnalistlərlə şəxsi müsahibələrinin əsasında yazılıb. Kitab münaqişənin əvvəlindən başlayaraq qanlı hadisələrin obyektiv təhlilini ehtiva edir. Kitabda sovet isteblişmentində gizli qüvvələrin fəaliyyəti, əsasən erməni lobbisinin Qorbaçovla əlaqələri təhlil olunub. Belə ki, onlar münaqişənin, həmçinin 1992-cı ildə Xocalı qırğınına aparan yolun qızışdırılmasına təkan veriblər. Postsovet məkanında öz ölkəsinin roluna görə məsuliyyət daşıyan rusiyalı ziyalının mövqeyini əks etdirən kitabda həmçinin milli maraqların müdafiəsində Heydər Əliyevin siyasi mübarizəsindən, onun hakimiyyətə qayıdışından, respublika prezidenti postunda Azərbaycanın müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpasına dair fəaliyyətindən danışılır.

Pompeyev özü bu kitabın yaradılması ideyasının necə meydana gəlməsi barədə tədbir iştirakçılarına məlumat verib, Qarabağ müharibəsi haqqında xatirələrindən, 90-cı ilin əvvəllərində Azərbaycanın ətrafında informasiya blokadasının yarılması uğrunda mübarizədən danışıb. Kitab müəllifi ötən ilin avqustunda Bakıya son yaradıcılıq səfəri zamanı Azərbaycanın miqyaslı inkişafı, prezident İlham Əliyevin siyasəti haqqında təəssüratlarından danışıb.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu kitabın nəşrinin vacibliyini qeyd edib, Azərbaycan dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönələn siyasətindən danışıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər ATƏT-in Minsk Qrupunun himayəsi və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə atəşkəs rejimi əldə ediblər. Lakin uğursuz sülh danışıqları hələ də davam edir.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ regionunun və işğal olunmuş ərazilərin azad edilməsi üzrə dörd qətnaməsi hələ də yerinə yetirilməmiş qalır.

Kitabın təqdimatında MM deputatları, Qarabağ müharibəsi illərində Azərbaycanın Rusiyadakı səfirliyinin işçiləri, həmçinin Moskva ziyalılarının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları üçün 2009-cu ildə dünyanın müxtəlif ölkələrində "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən aksiyaları əks etdirən fotosərgi təşkil edilib.

"Xocalıya ədalət" Beynəlxalq informasiya kampaniyası (www.justiceforkhojaly.org) 2008-ci il mayın səkkizində - Şuşanın işğalı günündə Leyla Əliyeva tərəfindən irəli sürülüb. Hazırda Xocalı soyqırımı haqqında həqiqətlərin dünya birliyinə çatdırılmasına və faciəyə siyasi-hüquqi və mənəvi qiymətin verilməsinə nail olunmasına yönələn kampaniya dünyanın 30-dan çox ölkəsində yüzlərlə könüllülər tərəfindən uğurla həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti