Azərbaycan, Bakı, 21 fevral /Trend/
Pakistanın Müasir Dillər Universitetində Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş "Azərbaycanda Xocalı soyqırımı" adlı seminar keçirilib.
Azərbaycanın Pakistandakı səfirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tədbirdə Pakistanın tanınmış ictimai-siyasi xadimləri, senatorlar, Müasir Dillər, Preston, Milli Müdafiə, Qaide Azam, Fatma Cinnah, Zülfüqar Əli Bhutto universitetlərinin, Diplomatik Akademiyanın rəhbər və müəllim heyəti, Pakistanda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunduqdan sonra Asiya Sivilizasiyaları Cəmiyyətinin sədri professor Z.A.Qureyşi seminar iştirakçılarını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, əyalətə ermənilərin köçürülmə tarixi haqqında məlumatlandırıb. O, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlığ Qarabağın və Azərbaycanın daha 7 rayonunun zəbt olunduğunu vurğulayıb, işğal nəticəsində 1 milyon insanın öz ata-baba yurdundan didərgin salındığını, 20 min insanın öldürüldüyünü bildirib. Qureyşi 26 fevral 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı bu münaqişənin ən qanlı və faciəli səhifəsi adlandırıb.
Tədbirdə çıxış edənlər Xocalı soyqırımı haqqında danışıb, dinc əhaliyə qarşı erməni yaraqlıların etdiyi vəhşiliklərin alman faşistlərinin cinayətlərini kölgədə qoyduğunu vurğulayıb, meyitlərin təhqir olunmasının beynəlxalq hüquq normalarına zidd olduğunu, soyqırımı törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsinin və Xocalı qurbanlarının ailələrinə Ermənistan dövləti tərəfindən təzminat ödənilməsinin vacibliyini bildiriblər.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyinə, həmçinin 1 fevral tarixində Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımını ittiham edən qətnamənin qəbul edilməsində göstərdiyi prinsipiallığa görə Pakistan Senatı və xalqına bir daha dərin minnətdarlığını bildirib. Daha sonra səfir seminar iştirakçıları tərəfindən Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı ilə əlaqədar səsləndirilən çoxsaylı sualları cavablandırıb.
Tədbirin sonunda üzərində "Xocalı Soyqırımına Ədalət" sözləri yazılmış köynəklər geyinən bir qrup gənc Müasir Dillər Universitetinin rektoru general Məsud Həsən və Daşqın Şikarovla şəkil çəkdirib.