Azərbaycan, Bakı, 9 iyul /Trend/
ATƏT-in Parlament Assambleyası (PA) iyulun 5-9-da keçirilən Helsinki sessiyasının nəticələri üzrə yekun bəyyanamə qəbul edib. Bu barədə Trend ATƏT-in saytına istinadən məlumat verir.
Bəyannamə münaqişələr nəticəsində qaçqın və məcburi köçkün olmuş Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna əhalisinin təhlükəsizliyin və şərəf və ləyaqətə hörmətin təmin edilməsi şərtilə evlərinə qayıtmasının ayrılmaz hüquqları olduğunu bir daha təsdiq edir. Həmçinin bu fəaliyyətlərin həyata keçirilməsi üçün lazımi şəraitlərin yaradılmasının zəruriliyi vurğulanır.
Yekun bəyannamənin 4-cü maddəsində ATƏT regionunda həlli uzanan münaqişələrin sülh və danışıqlar yolu ilə nizamlanması üzrə səylərin fəallaşdırılmasının, güc tətbiqindən çəkinməyin və ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılmanın zəruriliyi qeyd edilir.
Bəyannamə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada münaqişələrin bu ölkələrin bütün əhalisi üçün sabit, firavan və demokratik gələcəyin təmin edilməsi məqsədilə Helsinki Yekun Aktının və beynəxalq hüququn prinsiplərinə riayət etməklə uzunmüddətli sülh yolu ilə həllinin axtarışı üzrə səyləri dəstəkləyir.
Yekun bəyannamə münaqişənin toxunduğu bütün tərəfləri, o cümlədən Azərbaycana da toxunan münaqişələrin hərtərəfli və siyasi nizamlanmasına nail olmaq naminə, xüsusilə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə aid beynəlxalq norma və prinsiplər əsasında danışıqlar yolu ilə həlli axtarışlarında xoş niyyətlə iştirak etməyə çağırır.
Xatırladaq ki, ATƏT-in Parlament Assambleyasının iyulun 7-də Helsinkidə keçirilən yay sessiyasında Milli Məclisin deputatı, Assambleyanın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyevin hazırladığı "ATƏT regionunda dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik" adlı qətnamə qəbul edilib. Qətnamədə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada mövcud olan münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də həmin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanır. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinin, münaqişələr nəticəsində məcburi köçkün düşmüş insanların doğma yurdlarına qeyd-şərtsiz qaytarılmalarının zəruriliyi qeyd edilir. 19 maddədən ibarət qətnamədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri dəstəklənir.