Bakı. Trend:
ABŞ-də şatdaunla (federal hökumətin maliyyələşməsinin dayandırılması) əlaqədar təxirə salınan və ya gecikən hava reyslərinin sayı 5 mini ötüb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Kütləvi təxirə salmalar hava hərəkətini azaltmaq barədə aviaşirkətlərə məcburi göstərişlərin qüvvəyə mindiyi ilk gündə qeydə alınıb. Yeni qaydalar ölkənin ən böyük 40 hava limanında qüvvəyə minib. Məqsəd tarixi maliyyə böhranı dövründə əməkhaqqı almadan işləməyə məcbur olan dispetçerlər və digər federal işçilərin normadan artıq işləməsinin qarşısını almaqdır.
Əsas ştatlı işçilərin çoxu hökumət bağlandığı andan etibarən xəstələnərək işə gəlmədiklərini bildirir və ya gündəlik xərclərini qarşılamaq üçün əlavə işlərə üz tutur.
Kadr çatışmazlığını idarə etmək üçün Federal Aviasiya Administrasiyası (FAA) təcili qaydada göstəriş verərək reyslərin 4% azaldılmasını əmr edib – bu göstəricinin gələn həftənin sonuna qədər 10%-ə çatacağı gözlənilir.
