...

8 Noyabr – Zəfər Günü: Qəhrəmanlığın və Qürurun Təntənəsi

Siyasət Materials 8 Noyabr 2025 00:01 (UTC +04:00)
8 Noyabr – Zəfər Günü: Qəhrəmanlığın və Qürurun Təntənəsi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

8 Noyabr Azərbaycan xalqının ən şanlı, ən qürurlu və unudulmaz günlərindən biridir.

Bu tarix xalqımızın əzmini, milli birliyini, torpağa və Vətənə olan sonsuz məhəbbətini əks etdirir. 2020-ci il noyabrın 8-də Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan bu gün, xalqımızın otuz ilə yaxın davam edən həsrətinə son qoydu, Qarabağın tacı – Şuşa şəhəri azad olundu.

Qarabağ zəngin təbiəti, tarixi abidələri, musiqisi və mədəniyyəti ilə xalqımızın kimliyinin ayrılmaz hissəsidir. Lakin 1988-ci ildən başlayan Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız işğal olundu, yüz minlərlə soydaşımız doğma yurdundan didərgin salındı. Xalqımız otuz ilə yaxın bir müddətdə bu haqsızlığa dözdü. Lakin hər bir azərbaycanlının qəlbində bir arzu yaşayırdı – “Qarabağ Azərbaycandır!”.

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı tarixinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz igidlik və peşəkarlıq göstərdi.

Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan, Laçın və daha onlarla yaşayış məntəqəsi ardıcıl azad edildi. Hər bir döyüş, hər bir qələbə şəhidlərimizin qanı bahasına qazanıldı.

Bu müharibənin zirvəsi isə 8 noyabr – Şuşanın azad olunması oldu. Qəhrəman Azərbaycan əsgəri dağları, qayaları aşaraq, əlbəyaxa döyüşlə Şuşanı düşməndən azad etdi. Şuşanın azadlığı bütöv Azərbaycanın azadlığı, xalqımızın birliyi və gücünün simvoluna çevrildi.

Bu qələbə təkcə ordumuzun hərbi gücü deyil, həm də xalqımızın birliyinin, Vətən sevgisinin, dövlətinə və liderinə olan inamının nəticəsidir. Qələbə günlərində bütün Azərbaycan bir ürək kimi döyündü – ön cəbhədə əsgərlərimiz vuruşurdu, arxa cəbhədə isə xalqımız onlara dua və dəstəklə dayanmışdı. Bayrağımız azad edilmiş torpaqlarda dalğalandıqca, şəhidlərimizin ruhu şad oldu.

Şəhidlərimizin əziz xatirəsinə Zəfər Günü, eyni zamanda, şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiram günüdür. Onlar canlarını Vətən uğrunda qurban verərək bizə azadlıq, qürur və şərəf bəxş etdilər. Hər bir şəhidin adı xalqımızın yaddaşında əbədi yaşayır. Onların qəhrəmanlığı gələcək nəsillərə örnəkdir.

Zəfərdən sonra Azərbaycan tarixində yeni bir mərhələ başlandı. Azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qayıdış proqramı çərçivəsində insanlar yenidən doğma yurdlarına dönür, Qarabağda həyat yenidən canlanır. Bu gün Şuşada bayrağımız qürurla dalğalanır, mədəniyyətimiz, musiqimiz, ruhumuz yenidən doğulur.

8 Noyabr – Zəfər Günü yalnız bir qələbənin deyil, həm də milli dirçəlişin, birliyin, ədalətin və haqqın təntənəsidir.
Və bu həqiqət artıq bütün dünyaya bəllidir.

Azərbaycan xalqı bu zəfərlə öz tarixini, kimliyini və gücünü bir daha sübut etdi. 8 Noyabr sonsuza qədər xalqımızın qürur və iftixar günü kimi qalacaq.

Xəbər lenti

Xəbər lenti