Bakı.Trend:
“AzərEnerji” ASC Böyük Zəfərin 5 illiyi münasibətilə respublikanın bir sıra bölgələrində — Mingəçevir, Naxçıvan, Qarabağ və digər ərazilərdə silsilə tədbirlər təşkil edib, şəhidlərin məzarı ziyarət olunub. Zəfər ruhunu əks etdirən bu tədbirlərin əsas mərhələsi Səhmdar Cəmiyyətin Baş İdarəetmə Kompleksində yerləşən 500 nəfərlik Energetiklərin Mədəniyyət Mərkəzində baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Ardınca Prezident İlham Əliyevin tapşırığı əsasında “AzərEnerji” tərəfindən azad edilən ərazilərdə son beş ildə görülən işlərə həsr olunmuş “İşığın qayıdışı” filmi nümayiş olunub.
“AzərEnerji” ASC-nin sədri Baba Rzayev tədbirdə çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın otuz ilə yaxın işğal altında olan torpaqlarını azad etməsi, Şuşada üçrəngli bayrağımızın dalğalanması xalqımızın ən şanlı tarix səhifələrindən biridir. Böyük Zəfərdən keçən 5 il ərzində görülən quruculuq işlərindən danışan Baba Rzayev bildirib ki, Cənab Prezidentin tapşırığı ilə “AzərEnerji” ASC də bu müqəddəs missiyada iştirak edib. - “Müharibə bitdikdən sonra Cənab Prezidentin energetiklərə verdiyi tapşırıq, dəqiq və aydın idi – azad edilən əraziləri ən qısa zamanda enerji ilə təmin etmək və bu torpaqları 100 faiz “yaşıl enerji” zonasına çevirmək. Bu gün artıq bütün azad edilmiş rayonlarda Azərbaycan işığı yanır. Cəmi beş il ərzində “AzərEnerji” tərəfindən 12 yerdə 330 və 110 kilovoltluq yarımstansiyalar inşa edilib, 1000 kilometrdən çox ötürmə xətti çəkilib, bölgənin dairəvi enerji təchizatı sistemi qurulub. Bundan əlavə, rəqəmsal idarəetmə mərkəzləri yaradılıb və müasir innovativ texnologiyalar tətbiq olunub”.
Baba Rzayevin sözlərinə görə ölkə başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 307 meqavat olan 38 su elektrik stansiyası tikilib. Onların sırasında 42 meqavatlıq “Zəngilan SES”-lər silsiləsi və 22,5 meqavatlıq “Yuxarı Vəng” SES kimi strateji obyektlər də yer alır. Bu stansiyalardan 14-ü Kəlbəcərdə, 11-i Laçında, 9-u Ağdərədə, 4-ü isə Zəngilanda yerləşir.
Baba Rzayev bildirib ki, hazırda bölgənin enerji tələbatı tam şəkildə bu stansiyalarda istehsal olunan “yaşıl enerji” vasitəsilə ödənilir və istehsal olunan enerjinin artıq qalan 60 faizi ölkənin ümumi enerji sisteminə ötürülür. Bu ərazilərdə istehsal olunan “yaşıl enerji”nin maya dəyəri digər stansiyalarla müqayisədə 3–5 dəfə aşağıdır.
Beş il ərzində bu stansiyalarda 1,5 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib, nəticədə 335 milyon kubmetr təbii qaza qənaət olunub, 620 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Ümumilikdə, azad edilmiş ərazilərdə 50-dən çox enerji obyekti – 12 yarımstansiya və 38 su elektrik stansiyası inşa edilib, daha 8 yeni stansiyanın tikintisinə başlanılıb.
Tədbirdə çıxış edən digər natiqlər də Böyük Zəfərin və onun ardınca həyata keçirilən bərpa prosesinin dövlətimizin qüdrətini və xalqımızın birliyini göstərdiyini vurğulayıblar.
Sonda 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş “AzərEnerji” əməkdaşlarına hədiyyələr təqdim olunub, tədbir bayram konserti ilə başa çatıb.
Sonda onu da qeyd edək ki, “AzərEnerji”də çalışan 700-dən artıq şəhid ailələri, qazilər, birinci və ikinci Qarabağ mügaribələrində iştirak edən əməkdaşlara Səhmdar Cəmiyyət tərəfindən pul mükafatı verilib.