...

Şahmatçımız Avropa çempionu olub

İdman Materials 8 Noyabr 2025 10:27 (UTC +04:00)
Şahmatçımız Avropa çempionu olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Monteneqronun Budva şəhərində şahmat üzrə yeniyetmələr arasında keçirilən Avropa çempionatı sona çatıb. 48 ölkədən 1169 şahmatçının mübarizə apardığı qitə birinciliyində Azərbaycan 3 medal qazanıb.

Trend xəbər verir ki, 14 yaşlı oğlanların kateqoriyasında təmsilçimiz Xaqan Əhməd 7,5 xal toplamaqla birinci yeri tutub.

9 turdan sonra iki şahmatçının eyni xalı yaranıb. Əlavə əmsallara görə Xaqan Əhməd yarışın 6-cı turunda məğlub etdiyi Ermənistan şahmatçısı Tiqran Ambarçumanyanı qabaqlayaraq 116 şahmatçı arasında birinci yerə layiq görülüb və Avropa çempionu titulunu əldə edib.

10 yaşlı qızların yarışında Mehriban Əhmədli 9 turda 7,5 xal toplayaraq gümüş medala layiq görülüb. 16 yaşlı qızların birinciliyində isə Məryəm Ağaverdiyeva 9 partiyada 7 xalla Avropa çempionatının bürünc medal qazanıb.

Daha iki şahmatçımız mötəbər yarışı ilk beşlikdə bitirib. 16 yaşlı oğlanların mübarizəsində Rüstəm Rüstəmov, 8 yaşlı oğlanların yarışında isə Kənan Babasoy yekunda 2-5-ci sıraları bölüşüb.

1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan Azərbaycan komanda hesabında 48 ölkə arasında 5-ci olub.
Yarışın bağlanış mərasimində qalib və mükafatçılara medal, kubok və diplomlar verilib. 14 yaşlı oğlanların mübarizəsində qızıl medal qazanan Xaqan Əhmədin şərəfinə Monteneqroda Azərbaycanın Dövlət Himni səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti