Bakı. Trend:
Ali Baş Komandanın yürütdüyü qətiyyətli və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi. Azərbaycan Respublikasının Dövlət Bayrağının əzəmətlə və qürurla dalğalandığı işğaldan azad edilmiş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirərək bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələrini verir.
Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu fikirlər müdafiə naziri Zakir Həsənovun 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrikində yer alıb.
Təbrikdə qeyd olunub:
"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!
Sizi böyük qürur hissi və təntənə ilə qeyd etdiyimiz 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri sayəsində respublikamızın suverenliyinin, müstəqilliyinin, müdafiə və təhlükəsizliyinin təminatçısı olan Azərbaycan Ordusunda vahid komandanlıq yaradılaraq ordumuz nizami ordu kimi formalaşmış və hərbi quruculuq məsələləri prioritet məsələ kimi daima önə çəkilmişdir.
Ulu Öndərin qurtuluşdan başlanan Zəfər yolu və inkişaf
strategiyası Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində
qazanılan böyük nailiyyətlər, eyni zamanda orduda aparılan
genişmiqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin
təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum
əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirdi, 8
Noyabr – Zəfər Günü Azərbaycanın şanlı hərb tarixinə qızıl
hərflərlə yazıldı.
Dövlət başçımızın müvafiq Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın müstəqil dövlətçilik tarixində əlamətdar hadisə kimi geniş qeyd olunur.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq Qələbə və həyata keçirdiyi uğurlu döyüş əməliyyatları, antiterror tədbirləri nəticəsində düşmən işğalında qalmış tarixi torpaqlarımız azad olundu. Ali Baş Komandanın yürütdüyü qətiyyətli və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi. Azərbaycan Respublikasının Dövlət Bayrağının əzəmətlə və qürurla dalğalandığı işğaldan azad edilmiş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirərək bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələrini verir.
Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.
Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü
uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu
kimi 8 Noyabr – Zəfər Günü ərəfəsində də dərin hörmət və ehtiramla
yad edirik.
Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz,
müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində
saxlanılır. Ali Baş Komandan cənab İlham Əliyev və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı
sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması,
sosial qayğılarının həlli istiqamətində mühüm addımlar atılır.
Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailələrini, Vətən
uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları
bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı
çatdırıram.
Bir daha hər birinizi 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən
təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənə, müstəqil
Azərbaycan dövlətinə şərəfli xidmətinizdə yeni uğurlar
arzulayıram".
