Bakı. Trend:
2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi və Azərbaycanın parlaq Zəfəri bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycan Ordusu və xalqı istənilən çətinliyi dəf etməyə qadirdir.
Bu fikirləri 8 Noyabr – Zəfər Günü münasibətilə Trend-ə açıqlamasında Birinci və İkinci Qarabağ müharibəsi iştirakçısı, qazi Nicat Balayev bildirib.
1976-cı ildə Qobustan rayonunda anadan olan Nicat Balayev deyib ki, Vətənə olan sonsuz sevgisi onu gənc yaşlarından döyüş meydanına səsləyib:
"Birinci Qarabağ müharibəsində Murovdağ istiqamətində 4 il 9 ay xidmət etmişəm. Bu müddət ərzində üç dəfə yaralanmışam. İkinci Vətən müharibəsi başlayanda birinci müharibə iştirakçılarından ibarət xüsusi təyinatlı əməliyyat qrupu yaradıldı. Həmin qrupun tərkibində Xocavənd, Qubadlı və Zəngilan istiqamətlərində döyüşlərdə iştirak etdim".
Qazi bildirib ki, 2020-ci ilin 8 noyabrında Qubadlının mərkəzində yaralansa da, döyüş mövqeyini tərk etməyib:
"İlkin tibbi yardım göstərildikdən sonra yenidən döyüşə qayıtdım. Biz o gün vətən uğrunda bir yumruq kimi birləşmişdik".
Nicat Balayev vurğulayıb ki, Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan xalqının birliyinin, Ordumuzun peşəkarlığının və Ali Baş Komandanın qətiyyətli iradəsinin təntənəsidir:
"Bu Zəfər münasibətilə bütün xalqımızı, Ali Baş Komandan başda olmaqla Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman heyətini, silahdaşlarımı və qazi qardaşlarımı təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Biz onlara və onların ailələrinə borcluyuq. Allah nəvələrimizə, nəticələrimizə heç vaxt müharibə göstərməsin".
