Bakı. Trend:
06 noyabr 2024-cü il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu tərəfindən 8 noyabr-Zəfər Günü ilə əlaqədar Baş Konsulluğun inzibati binasında rəsmi təbdir keçirilmişdir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbir zamanı 8 noyabr-Zəfər gününə həsr edilimiş film nümayiş etdirilmiş və foto şəkildən ibarət sərgi keçirilmişdir.
Tədbirdə İİR-in Xarici İşlər Nazirliyinin Şimal Qərb nümayəndəliyinin əməkdaşı cənab Behnam Məlikpur, Türkiyənin Təbrizdəki baş konsulunun vəzifəsini icra edən Abdullah Dağ və Baş Konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan Respublikası vətəndaşları və onların ailə üzvləri və Tərbriz şəhərində yerləşən Azad islam universitetinin azərbaycanlı tələbələri iştirak etmişdir.
Tədbirdə çıxış nitqi söyləyən Baş konsul v.m.i.e Rəşad Abdullayev tədbir iştirakçılarını salamlayaraq bu möhtəşəm və şərəfli günü bizlərə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulamışdır.
R.Abdullayev bu günü bizim üçün doğmalaşdıran və müqəddəsləşdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdağından azad edən qüdrətli Silahlı Qüvvələrimizin, xalqımızın qəhrəman övladlarının silaha sarılaraq ana torpağın müdafiəsinə qalxdığını, qanları və canları bahasına müqəddəs Zəfərin notlarını dövlətçilik tariximizin şərəf kitabına yazdığını bildirmişdir.
O, 2020-ci il noyabr ayının 8-də xalqımızın tarixinə ən parlaq və möhtəşəm qələbələrdən birinı yazaraq, Azərbaycan hərbçilərinin dağlar qoynunda yerləşən Qarabağın baş tacı hesab olunan Şuşadan qovub çıxardığını qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Noyabr 8-nin Zəfər Günü elan etdiyini, 2021-ci ilin yanvar ayının 14-də isə dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Şuşa şəhərində Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaltdığını vurğulamışdır.
R.Abdullayev Azərbaycan xalqının apardığı 44 günlük vətən müharibəsi ilə təkcə şərəfini və milli qürurunu bərpa etmədiyini, eyni zamanda beynəlxalq hüququ və ədalətin müdafiəsinə qalxdığını, onun keşikçisi olduğunu, Azərbaycan xalqının Zəfəri döyüş meydanında qazanaraq bütün dünyaya heç bir təcavüzkar qüvvənin xalqın birliyi qarşısında davam gətirə bilmədiyini göstərdiyini söyləmiş, hər zaman olduğu kimi “Eşq olsun bu birliyi və Zəfəri qazandıran Müzəffər Ali Baş komandana” deyərək bundan sonra da əbədiyyətə kimi qəhrəman Liderimizə minnətdar olacağımızı, qazanılan tarixi Zəfərin bütün region ölkələri üçün hava və su qədər əhəmiyyətli olan uzunmüddətli sülh içində yaşamaq və inteqrasiya etmək şansını yaratdığını vurğulamışdır.
O, böyük məmnuniyyət hissi ilə çıxışını Prezident cənab İlham Əliyevin dərin məzmunlu nitqindən bir parça ilə bitirmişdir.
Müzəffər Ali Baş komandan demişdir: “2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir”.
Tədbirin sonunda şam yeməyi verilmişdir.
