...

Qarabağ Azadlıq Təşkilatının sədri: "GUAM sülhməramlı qüvvələrinin yaradılması yubadılmamalıdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyun 2007 16:39 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatının sədri: "GUAM sülhməramlı qüvvələrinin yaradılması yubadılmamalıdır"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ GUAM (Gürcüstan, Ukranya, Azərbaycan, Moldova) ölkələrinin hərbi sahədə əməkdaşlığı və bu birliyin sülhməramlı qüvvələrinin yaradılması vacibdir. Bu barədə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı açıqlama verib.

O qeyd edib ki, GUAM ölkələrinin vahid sülhməramlı qüvvələrinin yaradılması təşəbbüsü müzakirə olunsa da, bu barədə qərarın verilməsi yubadılır. QAT sədrinin fikrincə, həmin qərarın GUAM-ın növbəti sammitlərinə təxirə salınmasına ehtiyac yoxdur.

"GUAM ölkələrindən üçü öz ərazisində separatçılarla üz-üzə qalıb. Bu ölkələr, nəhayət, öz hərbi potensialından istifadə edərək münaqişələrin həllinə GUAM birliyinin sülhməramlı qüvvələrini cəlb etməlidirlər. Digər beynəlxalq qurumlar dünyadakı mövcud münaqişə bölgələrində öz maraqları çərçivəsində sülhməramlı qüvvələri, hərbi kontingentləri yerləşdirirlər. Amma GUAM çərçivəsində bu ölkələrin qarşılıqlı razılığı ilə yaradılacaq sülhməramlı qüvvələr daha etibarlı ola bilər"-deyə Akif Nağı qeyd vurğulayıb.

QAT sədrinin sözlərinə görə, istənilən sülhməramlı qoşunlar Dağlıq Qarabağ ətrafına deyil, yalnız işğal altındakı topraqlar azad edildikdən sonra Azərbaycanla Ermənistan sərhədində yerləşdirilməlidir.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda Qarabağ Azadlıq Təşkilatı yaradılıb. İctimai təşkilat olan QAT öz sıralarında Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünlər, gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitlər olmaqla 10 min nəfəri birləşdirir. QAT-ın Azərbaycanın bölgələrində və müxtəlif xarici ölkələrdə təmsilçiləri fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti