...

Azərbaycanda PKK-nın terrorçu təşkilat kimi tanınması üçün ictimai komissiya yaradılıb

Siyasət Materials 25 Dekabr 2007 13:42 (UTC +04:00)
Azərbaycanda PKK-nın terrorçu təşkilat kimi tanınması üçün ictimai komissiya yaradılıb

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın Türkiyəyə qarşı terror aktları törədən PKK-nı terrorçu təşkilat kimi tanıması üçün ictimai komissiya yaradılıb. Bu barədə Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında müxalifəti təmsil edən Musavat deputat qrupunun və PKK-nın terrorçu təşkilat kimi tanınması üçün yaradılan komissiyanın üzvü Pənah Hüseyn bildirib.

"Milli Məclisin qəbul edəcəyi bəyanatı hazırlamaq üçün yaradılan komissiya işləmir. Ona görə də biz ictimai komissiya yaradırıq" - deyən Hüseyn millət vəkillərini yeni yaradılan ictimai komissiyaya qoşulmağa çağırıb.

Bir müddət əvvəl Milli Məclisdə Azərbaycanın PKK-nı terrorçu təşkilat kimi tanıması ilə bağlı bəyanat layihəsinin tanınması üçün komissiya yaradılmışdı. Lakin sonradan Milli Məclis rəhbərliyi belə bir bəyanatın qəbul edilməsinə ehtiyac olmadığını bildirdi və komissiya fəaliyyətini dayandırdı. Bu, Türkiyə prezidentinin Azərbaycana səfəri zamanı 2 ölkə prezidentinin imzaladığı birgə bəyannamədə PKK terror təşkilatı ilə bağlı müddəanın olması və həmin bəyənnamənin Milli Məclisdə ratifikasiya ediləcəyi ilə əsaslandırıldı.

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, PKK ilə bağlı parlamentdə yaradılan komissiyanın üzvü Siyavuş Novruzov isə bildirib ki, komissiya iclasını keçirib və PKK ilə bağlı müzakirələr aparılıb: "Əgər hansısa çayxanada komissiya yaratmaq istəyirsinizsə, gedin yaradın".

Novruzov əlavə edib ki, Konstitusiyaya görə, Azərbaycan dövləti adından çıxış etmək səlahiyyəti dövlətə məxsusdur. Türkiyə və Azərbaycan prezidentlərinin birgə bəyannaməsində PKK terrorçu təşkilat kimi tanınıb: "Milli Məclis terrorun maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı qanun qəbul edib, Azərbaycan antiterror koalisiyasının üzvüdür və beynəlxalq terrorçuluqla mübarizədə bütün imkanlarından istifadə edir. Bundan əlavə nə etməliyik?".

Xəbər lenti

Xəbər lenti