...

Prezident İlham Əliyev Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb

Siyasət Materials 10 Aprel 2008 20:18 (UTC +04:00)

Azərbaycan, Bakı, aprel/ Trend / Prezident İlham Əliyev cümə axşamı Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.Sərəncamın preambulasında deyilir ki, elmi araşdırmalar sahəsində Azərbaycanın zəngin ənənələri var və bəşəriyyətin fəlsəfi, mədəni və elmi irsinin Şərqlə Qərb arasında varislik əlaqələrinin qorunub saxlanmasında azərbaycanlı alimlər yaxından iştirak ediblər və onların sanballı fəaliyyətləri islam aləminin mədəni intibahına müstəsna töhfələr veriblər.Azərbaycan tarixinin bütün mərhələlərində ənənəvi tədqiqatlarla yanaşı, elmimiz üçün yeni olan neft, neft emalı və neft kimyası sahələri ilə bağlı fundamental və sistemli elmi araşdırmalar iqtisadi potensialımızın formalaşdırılmasında əhəmiyyətli rol oynayıb.1980-ci illərin sonlarından etibarən yaranmış dərin iqtisadi və sosial böhran elmdə də özünü kəskin şəkildə büruzə verib.Elmi əlaqələrin qırılması, müştərək tədqiqat planlarının pozulması, vahid maliyyə sisteminin dağılması və başqa amillər elmin gələcək inkişafı yolunda ciddi maneələr yaradıb. Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra elmdə islahatların gerçəkləşdirilməsi üçün əlverişli şərait yaransa da, elmin ümumi vəziyyətinin təhlili aparılmayıb , həm də müasir tələblərə uyğun istiqamətləri müəyyən edilməyib.Odur ki, elmi tədqiqatların səviyyəsi respublikanın inkişaf tempindən geri qalır. Sərəncamda daha sonra deyilir: "Milli müstəqillik dövrü xalqımıza məxsus mədəni-mənəvi dəyərlərlə bağlı olan istiqamətlərdə bir çox məsələlərin yenidən, azərbaycançılıq məfkurəsi mövqeyindən işıqlandırılmasını aktuallaşdırmışdır...Mövcud vəziyyət ölkənin inkişafının üstün istiqamətlərindən olan elm sahəsində ən qısa zamanda islahatların aparılması və bununla əlaqədar bir çox vəzifələrin təxirə salınmadan sürətlə öz həllini tapması zərurətini meydana çıxarmışdır". Elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədi ilə yaradılan Dövlət Komissiyasına Baş nazir Artur Rasizadə sədrlik edəcək. AMEA -nın prezidenti Mahmud Kərimov komissiya sədrinin müavini, bir sıra dövlət strukturlarının rəhbərləri komissiyanın üzvləri təyin olunub. Komissiyaya 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanı və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramının layihəsini altı ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.

Xəbər lenti

Xəbər lenti