...

İslam terrorçuluğu, ekstremizmi, hər cür zorakılığı rədd edir - Azərbaycan Prezidenti

Siyasət Materials 21 Aprel 2009 10:57 (UTC +04:00)
İslam terrorçuluğu, ekstremizmi, hər cür zorakılığı rədd edir - Azərbaycan Prezidenti

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir K.Zərbalıyeva /

İslam sivilizasiyası sülh və tolerantlığı, humanizm və mərhəməti təşviq edir. İslam bütün cinayətləri - terrorçuluğu, ekstremizmi, hər cür zorakılığı rədd edir, belə əməllər dövlətlərin ictimai-siyasi sabitliyi, insanların əmin-amanlığı üçün təhlükə yaradır, - Bakıda İslam Konfransı Təşkilatına (İKT) üzv olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin çərşənbə axşamı keçirilən konfransına Prezident İlham Əliyevin ünvanladığı təbrik məktubunda bildirilir.

Trend -un arayışı: Aprelin 21-22-də Bakıda İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin konfransı işinə başlayıb.

Konfrans hüquq-mühafizə sahəsində İslam Konfransı Təşkilatına üzv olan dövlətlər arasında qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərinin müəyyən edilməsinə yönəlib.

Konfrans zamanı İKT üzv dövlətlər arasında transmilli mütəşəkkil cinayətkarlıq, xüsusilə beynəlxalq terrorçuluq, ekstremizm, təcavüzkar separatizm, silahların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, korrupsiyanın qarşısının alınması sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edilməsi nəzərdə tutulur.

Konfrans İKT çərçivəsində yeni bir formatda mühüm əməkdaşlıq istiqamətlərinin əsasının yaradılmasına yönəlib. Tədbirdə İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin yüksək səviyyəli nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər. Tədbirin yekununda İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin konfransının Bakı Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur.

Prezidentin təbrik məktubunda qeyd edilir ki, terrorçuluq, separatizm, silah və narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri kimi cinayətlər dövlətlərin birgə dinc yanaşı yaşamasına da təhlükə yaradır.

"Ona görə də ölkələrin bütün sahələrdə əməkdaşlığı zəruridir", - məktubda əlavə olunur.

Prezident vurğulayır ki, Azərbaycan torpaqlarının işğalı nəticəsində beynəlxalq transmilli cinayətkarlıq, insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi və digər cinayətlər bu ərazidə böyük vüsət alıb. "Bu, təkcə Azərbaycan yox, regionun bütün dövlətləri üçün böyük təhlükə mənbəyidir", - məktubda qeyd edilir.    

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti