...

Baş Prokurorluq istintaq hərəkətlərinin davam etdirildiyini açıqlayıb

Siyasət Materials 1 May 2009 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir K.Zərbalıyeva /

Ötən gün Bakıda ali məktəbə edilən silahlı hücum zamanı xəsarət almış 13 nəfərdən 3-ü cümə axşamı ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend -a məlumat verib.

Məlumatda qeyd olunub ki, xəsarət almış 10 nəfərin vəziyyəti isə stabil ağır olaraq qalır.

Aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb. Atəş nəticəsində 12 nəfər ölüb.

Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur. Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Cinayət nəticəsində Ayaz Cavanşir oğlu Bağırov, Yusif Telman oğlu Bəndəliyev, Tamella Zülfüqar qızı Əzizova, Taleh Tariyel oğlu Məmmədov, Ramiz Xəlil oğlu Abdullayev, Şəfa Afət qızı Məmmədova, Məcnun Abdulvahid oğlu Vahidov, Ayna Abbasqulu qızı Qurbanova, Savalan Allahverdi oğlu Cabbarov, Emin İmaməli oğlu Abdullayev, Ruslan Babaşov və Aslanov Seyhun Sakit oğlu həlak olub, Mustafa Muxammed (Sudan vətəndaşı), Seyid Əhməd Amuri (Sudan vətəndaşı), Daas Muaviyyə (Suriya vətəndaşı), Rəhman Axundov, Zemfira Hüseynli, Səbinə Qurbanova, Elşən Məmmədov, Elvin Cəbiyev, Kənan İsayev, Faiq Rüstəmbəyov, İlkin Şirəliyev, Elşən Mustafayev və Bəxtiyar Cəfərov yaralanıb.

Faktla əlaqədar Cinayət Məjəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Sultanov bildirilib ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi rəhbərliyinin ciddi nəzarəti altında Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsinin peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və digər zəruri araşdırmaların aparılması istiqamətində müəyyən olunmuş istintaq fərziyyələri ətrafında intensiv istintaq hərəkətləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti