...

Azərbaycanın Küveytdəki səfirliyi Novruz bayramını qeyd edib

Siyasət Materials 18 Mart 2010 17:06 (UTC +04:00)
Azərbaycanın Küveytdəki səfirliyi "Ərəb-Qərb münasibətləri" tədqiqat mərkəzi ilə birgə martın 17-də Novruz bayramını qeyd edib.
Azərbaycanın Küveytdəki səfirliyi Novruz bayramını qeyd edib

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Küveytdəki səfirliyi "Ərəb-Qərb münasibətləri" tədqiqat mərkəzi ilə birgə martın 17-də Novruz bayramını qeyd edib.

BMT Baş Assambleyasının bu ilin fevral ayında qəbul etdiyi "Beynəlxalq Novruz Günü" adlı qətnamənin 5-ci paraqrafına uyğun olaraq keçirilən tədbir Novruz haqqında Küveyt cəmiyyətinin müxtəlif təbəqələrində ictimai maarifləndirmənin artırılması və yerli elmi, ictimai dairələrin Novruzun öyrənilməsi və araşdırılması fəaliyyətinə cəlb edilməsi məqsədi ilə keçirilib. Bu barədə səfirliyin məlumatında deyilir.

200-dən artıq qonağın qatıldığı tədbirdə diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporu, Küveytdə fəaliyyət göstərən universitet və digər ali təhsil müəssisələrinin müəllim kollektivi və tələbələri, Küveytdə yaşayan Mərkəzi Asiya dövlətlərinin icma üzvləri, elmi-tədqiqat institutları, yerli qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, qadın və gənclər təşkilatları, biznes dairələri, Küveytdə yaşayan Avropa İttifaqı, ABŞ, Kanada, Cənub və Cənub-şərqi Asiya və Afrika icmalarının fəal üzvləri iştirak ediblər.

Novruz bayramı gecəsini giriş sözü ilə açan səfir Şahin Abdullayev Azərbaycan xalqının ən qədim bayramlarından olan Novruz, ona məxsus adət-ənənələr, Novruz mətbəxi və Azərbaycanda Novruzun qeyd edilməsi mərasimləri haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə, Balkanlarda və Qara dəniz hövzəsində 300 milyon şəxs tərəfindən qeyd olunan Novruzun 3000 ildən artıq yaşının olduğunu qeyd edərək, səfir Azərbaycanın təklifi ilə bu ilin fevralında BMT BA tərəfindən "Beynəlxalq Novruz Günü" adlı qətnamənin qəbul edildiyini və beynəlmiləl xarakter alan Novruzun sivilizasiyalar və mədəniyyətlərarası dialoqa xidmət etdiyini vurğulayıb.

"Ərəb-Qərb münasibətləri" tədqiqat mərkəzinin direktoru dr. İbrahim Ədsani Azərbaycanın mədəniyyətinə və gözəlliyinə vurğun olduğunu qeyd edərək, saflıq və yenilik rəmzi olan Novruzun öyrənilməsinin və bu barədə ictimai maarifləndirmənin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Tədbir müddətində "Beynəlxalq Novruz Günü" ilə əlaqədar səfirliyin press-relizi və BMT BA-nın müvafiq qətnaməsi tədbir iştirakçılarına yayılıb və Novruza xarakterik olan Azərbaycan mətbəxinin inciləri, bayram xonçaları, Azərbaycan mədəniyyətini əks etdirən əyani vasitələr, xalçalar, milli geyimlər, musiqi alətləri, kitab və broşuralar nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti