...

MTN-nin Heydər Əliyev adına Akademiyasında II Dünya müharibəsində faşizm üzərində qələbənin 65-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Siyasət Materials 5 May 2010 15:42 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 65-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
MTN-nin Heydər Əliyev adına Akademiyasında II Dünya müharibəsində faşizm üzərində qələbənin 65-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycan, Bakı, 5 may /Trend/

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 65-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

MTN-in ictimai əlaqələr mərkəzinin çərşənbə günü yaydığı məlumata görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar. Sonra "Şöhrət" muzeyində ömrünün 25 ilini təhlükəsizlik orqanlarına həsr etmiş ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlərlər və ekspozisiyalarla tanış olublar.

Akademiyanın rəis müavini general-mayor İsgəndər Allahverdiyev tədbiri açıq elan edərək kursantlar və dinləyicilərlə görüşə gəlmiş Respublika Veteranlar Şurasının nümayəndələrini və təhlükəsizlik orqanlarının veteranlarını salamlayıb. Sonra İkinci Dünya müharibəsində və Azərbaycan torpaqlarının düşməndən azad edilməsi uğrunda həlak olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə təhlükəsizlik orqanlarının veteranı, general-mayor Bahadur Hüseynov, Əfqanıstan və Qarabağ müharibəsi veteranı, Bakı şəhər Veteranlar Şurasının sədr əvəzi Bəhram Şeydayev, Respublika və Bakı şəhər Veteranlar Şurasının Plenum və Rəyasət Heyətinin üzvü, Yasamal rayon Veteranlar təşkilatının sədri Almaz Qasımova, Dəmiryol Veteranlar Şurasının sədri, Bakı şəhər Veteranlar Şurasının Plenum və Rəyasət Heyətinin üzvü Əminağa Nəsirov iştirak ediblər.

İsgəndər Allahverdiyev çıxışında faşizm üzərində qələbənin təmin edilməsində Azərbaycan xalqının nümayiş etdirdiyi əzm və fədakarlıqdan söz açaraq bildirib ki, 1941-1945-ci illər müharibəsində Azərbaycanın 640 mindən artıq qeyrətli oğul və qızı mərdliklə döyüşərək rəşadət göstərmiş, onlardan 350 mini qəhrəmanlıqla həlak olmuşdur. 130 min soydaşımız Sovet İttifaqı Qəhrəmanı kimi ən yüksək ada layiq görülmüş, 30 nəfər Şərəf ordeni, 170 mini isə müxtəlif orden və medallarla təltif olunmuşlar. Azərbaycanlı çağırışçı və könüllülərdən kom­plekt­ləş­diril­miş 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüş­lərdə misilsiz igid­lik və şücaət nümunələri göstərmişlər.

Qeyd olunub ki, ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində respublikamızda hökm sürən özbaşınalıq və hərc-mərclik yaşlı nəslə, Böyük Vətən Müharibəsi veteranlarına diqqət və qayğının azalmasına səbəb olmuş, yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdışından sonra bu insanlara munasibət tamam dəyişmiş, dövlət tərəfindən veteranlara diqqət və qayğı artırılmışdır.

Məhz ulu öndərin 1994-cü ildə qəbul etdiyi qərarla 9 may - Qələbə Günü müstəqil Azərbaycanda dövlət bayramı kimi hər il təntənəli surətdə yenidən qeyd olunmağa başlayıb. Ümummilli liderimiz tərəfindən bərpa olunan bu xeyirxah və nəcib ənənə hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində müharibə veteranlarının sosial müdafiəsi xeyli gücləndirilib və onların bütün problemlərinin aradan qaldırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir.

Allahverdiyev qeyd edib ki, bugünkü və gələcək nəsillər veteranlarımızdan nümunə götürməlidirlər, onların igidlik, qəhrəmanlıq, şücaət, fədakarlıq, hünər irsini öyrənməlidirlər. Xalqımız bu gün müharibə şəratində yaşayır. Azərbaycan torpaqlarının 20 faizi erməni qəsbkarları tərəfindən işğal olunub. Lakin biz əminik ki, İlham Əliyevin müdrik siyasəti ilə bu ədalətsizliyin qarşısı alınacaq, torpaqlarımız geri qaytarılacaq, zəfər bayrağımız Dağlıq Qarabağda, Şuşada yüksələcək, qaçqın və məcburi köçkünlərimiz doğma ocaqlarına dönəcəklər.

Təhlükəsizlik orqanlarının veteranı, istefada olan general-mayor Bahadur Hüseynov alman faşizmi üzərində qazanılmış tarixi qələbədə Azərbaycan xalqının ön və arxa cəbhələrdəki misilsiz rolundan danılmaz faktların dili ilə söhbət açıb.

Azərbaycanlı döyüşçülərdən ibarət milli atıcı diviziyanın Avropa xalqlarını faşizm işğalından qurtarmaq uğrunda göstərdiyi şücaətlərdən, Fransa, Yuqos­laviya və digər müqavimət hərəkatlarında, partizan müharibələrində iştirak edən oğul və qızlarımızın igidlikləri ilə yanaşı, ədəbiyyatımızın, incə­sə­nə­timizin də döyüşməsindən danışan veteran bildirib ki, İkinci Dünya mühari­bəsindən qalib əsgər kimi dönmuş bugünkü görüş iştirakçılarının keçdikləri şərəfli yol gənc nəsil üçün əsl örnək və nümunə məktəbidir.

Hazırda müharibə şəraitində olan Azərbaycanın indiki gənc nəsli də ata-babaları kimi düşmənə qarşı amansız olmalı, torpaqlarımızın işğaldan qurtulması üçün əllərindən gələni əsirgəməməlidirlər. Yalnız bu yolla torpaqlarımızı alman faşistlərindən qat-qat qəddar olan erməni işğalçılarından xilas edib ərazi bütövlüyümüzü təmin edə bilərik. Bu gün müstəqil Azərbaycanın qüdrətlənməsi üçün uğurlu daxili və xarici siyasət yürüdən Prezident İlham Əliyevin ətrafında birləşərək müstəqil dövlətimizin sabitliyini pozmağa cəhd edən separatçı, pozucu qüvvələrə qarşı ciddi mübarizə aparılmalıdır. Hər yerdə, hər sahədə vətənpərvərlik hökm sürməlidir.

Bakı şəhər Veteranlar Şurasının sədr əvəzi Bəhram Şeydayev çıxışında deyib ki, İkinci Cahan savaşında Azərbaycan xalqının göstərdiyi fədakarlıq indiki nəslə örnəkdir. Çünki bu qələbə tarixi qələbədir. Bu gün erməni qəsbkarları tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması üçün vətənpərvər gənclərə böyük ehtiyac var. Ona görə də hər kəs üzərinə düşən məsuliyyəti dərindən dərk etməli və gələcək nəslin sağlam ruhda böyüməsində öz əməyini əsirgəməməlidir. Ümummilli lider Heydər Əliyevin adını daşıyan bu xüsusi ali təhsil ocağına Azərbaycan Prezidentinin və Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin göstərdikləri gündəlik diqqət və qayğı nəticəsində burada kursantların və dinləyicilərin yüksək səviyyədə təhsil almaları, bilik və peşəkarlıqlarının artırılması üçün hər bir şərait yaradılıb. Bütün bunlar gənc nəslin azərbaycançılıq ruhunda yetişməsində və formalaşmasında böyük əhəmiyyət kəsb edir. Bu gün biz Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında təhsil alan kursant və dinləyicilərlə tanışlıqdan sonra əmin olduq ki, Azərbaycanın təhlükəsizliyi etibarlı əllərdədir.

Yasamal rayon Veteranlar təşkilatının sədri Almaz Qasımova çıxışında Azərbaycan xalqının şanlı qəhrəmanlıq salnaməsində minlərlə igidlərimizin adının olduğunu, Akademiyada təhsil alan, ürəyi Vətənlə bir döyünən, milli təhlükəsizliyin gələcək təminatçıları olacaq kursantların dövlətə, xalqa sədaqət ruhunda yetişdiklərinə əminliyini bildirib. Prezident İlham Əliyevin gənc nəslin vətənpərvərlik ruhunda inkişafına xüsusi önəm verdiyini qeyd edən Qasımova bildirib ki, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması üçün gənclərimiz öz bilik və bacarıqlarını daim artırmalı, layiqli vətəndaş olaraq yetişməlidirlər. Çünki gün gələcək, məhz bu gənclərin cəsarəti, mərdliyi, hünəri sayəsində torpaqlarımız işğaldan azad olacaq. Və biz azad, müstəqil dövlət kimi öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Tədbrin sonunda həmyerlimiz, əfsanəvi kəşfiyyatçı Rixard Zorge haqqında sənədli film nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti