...

Braziliya çətin ki, İranı BMT Təhlükəsizlik Şurasının şərtləri ilə razılaşmağa inandıra bilsin – ekspertlər

Siyasət Materials 15 May 2010 16:11 (UTC +04:00)
İrana səfəri gedişində Braziliya Prezidentinin Tehranı uran mübadiləsi üzrə BMT Təhlükəsizlik Şurasının təkliflərini qəbul etməyə inandırmağa nail olması çətin məsələdir. Ona görə də sanksiyalar qaçılmazdır. Ekspertlər belə hesab edirlər.
Braziliya çətin ki, İranı BMT Təhlükəsizlik Şurasının şərtləri ilə razılaşmağa inandıra bilsin – ekspertlər

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir T.Konyayeva/

İrana səfəri gedişində Braziliya Prezidentinin Tehranı uran mübadiləsi üzrə BMT Təhlükəsizlik Şurasının təkliflərini qəbul etməyə inandırmağa nail olması çətin məsələdir. Ona görə də sanksiyalar qaçılmazdır. Ekspertlər belə hesab edirlər.

"Braziliya Prezidentinin İrana səfəri, hətta Braziliya-Türkiyə birgə təşəbbüsü çox güman ki, lazımi effekti verməyəcək", - hərbi məsələlər üzrə amerikalı ekspert Ted Qalen Karpenter elektron poçt vasitəsilə Trend-ə bildirib.

Rusiya Prezidenti Dmitri Medvedev braziliyalı həmkarı Luis İnasio Lula da Silva ilə danışıqlarının yekunu olaraq bəyan edib ki, Braziliya Prezidentinin İrana səfəri İranın nüvə problemini BMT TŞ-nin yeni sanksiyaları tətbiq edilmədən həll etmək və İranı uranın mübadiləsi üzrə "Vyana formulu"na inandırmaq üçün sonuncu imkandır.

Karpenter əlavə edib ki, o, İranın nüvə probleminin həllinə münasibətdə Medvedevdən daha bədbindir.

"Sanksiyalar demək olar ki, şübhəsiz qəbul ediləcək. Baxmayaraq ki, Çin və Rusiya əmin etməyə çalışırlar ki, istənilən yeni sanksiyalar mümkün olduğu qədər yumşaldılacaq", - o deyib.

ABŞ və bir sıra Qərb ölkələri İranı dinc nüvə proqramı adı altında nüvə silahı hazırlamaqda ittiham edirlər. Tehran bütün ittihamları rədd edir və özünün nüvə proqramının ölkənin elektrik enerjisinə olan tələbatının ödənilməsinə yönəldiyini bəyan edir.

İrana qarşı yeni sərt tədbirlərin görülməsinə bundan əvvəl etiraz edən və problemin diplomatik yolla həllini tələb edən Rusiya və Çin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) qətnaməsini dəstəkləməklə Birləşmiş Ştatlara, Böyük Britaniyaya, Fransa və Almaniyaya qoşulublar, hərçənd ki, İrana münasibətdə sanksiya və danışıqların uzlaşdırılmasını ehtiva edən "ikili yol" strategiyasının aparılmasını israr edirlər.

"Hətta ciddi iqtisadi sanksiyalar çox güman ki, İranı nüvə proqramını reallaşdırmaqdan çəkindirməyəcək", - ABŞ-dakı Kato İnstitutunun müdafiə və siyasətin öyrənilməsi üzrə vitse-prezidenti Karpenter hesab edir.

İndiyədək BMT TŞ tərəfindən İranın nüvə proqramının dayandırılması üçün beş qətnamə qəbul edilib. Onların üçündə İrana qarşı iqtisadi sanksiyaların tətbiqi nəzərdə tutulur.

"New York Times" qəzetinin mart ayındakı ilk saylarında BMT diplomatlarına istinadən dərc olunmuş məlumata görə, TŞ-nin əsas təklifi İranın bank sektoruna, sığorta sisteminə, gəmiqayırma və digər sahələrə qarşı yeni məhdudiyyətlərin tətbiqindən ibarətdir.

Karpenterin fikrincə, İranı gələcəkdə nüvə tədqiqatları aparmaqdan yalnız hərbi yolla saxlamaq mümkündür, lakin İslam Respublikasının nüvə obyektlərinə hava zərbələri bütün Yaxın Şərqdə müharibəyə gətirib çıxara bilər, belə olan halda isə "müalicə xəstəlikdən daha pis olacaq".

"Hələlik Birləşmiş Ştatlar və digər iri dövlətlər bu məsələnin həll edilməsi üçün daha yüksək qoyuluşlara üstünlük verirlər. Dünya bir neçə il ərzində İranın nüvə dövlətinə çevrilməsinin real mümkünlüyünü dərk etməlidir", - o deyib.

İran üzrə amerikalı ekspert Robert Fridmanın fikrincə, Tehran Türkiyə və Braziliyanın yeni məhdudiyyətlərin qəbul edilməsinə razı olmamalarından vaxt qazanmaq üçün istifadə edəcək.

"İran Türkiyə və Braziliyanın mövqeyindən sövdələşmənin imzalanması vaxtını mümkün qədər uzatmaq üçün istifadə edəcək", - Con Hopkins institutunun tədqiqatçısı Fridman elektron poçt vasitəsilə Тrend-ə bildirib. - "Düşünmürəm ki, onlar real sazişin imzalanmasına hazır olsunlar".

Apreldə İrana qarşı sanksiyalar rejiminin sərtləşdirilməsi əleyhinə BMT TŞ-nin iki qeyri-daimi üzvü olan Türkiyə və Braziliya çıxış edib.

Braziliyanın xarici işlər naziri Selsu Amorim bu günlərdə İrana ikigünlük səfəri zamanı bəyan edib ki, digər ölkələr tərəfindən təzyiqlər Braziliyanın İranın dinc nüvə proqramını dəstəkləmək istəyinə heç bir təsir göstərməyəcək və əlavə edib ki, yeni sanksiyaların tətbiqi "hansısa müsbət nəticələrə gətirib çıxarmayacaq".

Qlazqo Universitetinin professoru Rza Təqizadə də hesab edir ki, Braziliya Prezidentinin İrana səfəri arzuolunan nəticəni verməyəcək.

"Tamamilə aydındır ki, hər iki tərəfin danışıqların "müsbət, məlumatlı və konstruktiv" qiymətləndirilməsi barədə mümkün bəyanatlarına baxmayaraq, Lula İrana səfərindən sonra evə əliboş qayıdacaq", - Təqizadə Londondan telefonla Trend-ə bildirib. - "Lakin Braziliyanın Tehrana 11 saatlıq missiyasının real nəticəsi BMT Təhlükəsizlik Şurasına sanksiyaların yeni mərhələsinin qəbul edilməsi üçün lazım olan daha bir bəhanənin Braziliya tərəfindən təqdim edilməsi olacaq".

Xəbər lenti

Xəbər lenti