...

Azərbaycan İsrail parlamentində “erməni soqırımı”nın tanınmasının komissiyadan kənara çıxmayacağına əmindir

Siyasət Materials 26 Dekabr 2011 13:58 (UTC +04:00)
Azərbaycanın millət vəkili İsrail parlamentində qondarma "erməni soyqırımı" məsələsinin parlament komissiyasından kənara çıxmayacağına əmindir.
Azərbaycan İsrail parlamentində “erməni soqırımı”nın tanınmasının komissiyadan kənara çıxmayacağına əmindir

Azərbaycan, Bakı, 26 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycanın millət vəkili İsrail parlamentində qondarma "erməni soyqırımı"nın tanınmasının parlament komissiyasından kənara çıxmayacağına əmindir.

"İnsanların təkliflərlə çıxış etmək hüququ var və bu hüququ onların əlindən almaq olmaz. Lakin bu gün biz əminik ki, İsrail-Azərbaycan münasibətlərinin səviyyəsi, həmçinin İsrailin Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq cəhdləri, Türkiyənin də bölgədə sülh olması naminə İsraillə əlaqələrini yaxşılaşdırmaq istəyi bu məsələnin geniş müzakirə mövzusuna çevrilməsinə imkan verməyəcək", - Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Yevda Abramov bazar ertəsi Trend-ə bildirib.

Abramov qeyd edib ki, İsrail Xarici İşlər Nazirliyinin baş katibi Rafael Barak Azərbaycana bu ay baş tutan səfəri zamanı da bu məsələnin komissiyadan kənara çıxmayacağını bəyan edib.

İsrail parlamentinin (Knesset) bir neçə deputatı Təhsil, mədəniyyət və idman komissiyasının iclasında qondarma "erməni soyqırımı"nın tanınması məsələsini müzakirəyə çıxarmaq niyyətindədir.

Azərbaycanın millət vəkili deyib ki, İsrail parlamentində bir çox partiyalar təmsil olunur və Knessetdə təmsil olunan Merets Partiyası ildə bir-iki dəfə hadisələri təsir altına salmağa çalışır.

Abramov hesab edir ki, İsrail Knessetinin komissiyasında "erməni soyqırımı" məsələsinin gündəmə gəlməsi Fransa Senatında məlum qanunun qəbul edilməsi ilə əlaqədardır. "Bu hadisənin təsiri altında İsrail knessetinin bəzi deputatları "soyqırım" məsələsini gündəmə gətirir", - o deyib.

Abramov bir daha qeyd edib ki, İsrail parlamentinin üzvlərinin Azərbaycan və Türkiyə ilə qurduğu münasibətlər bu məsələnin komissiyada müzakirələrdən sonra yenə də plenar iclasa çıxarılmayacağı barədə qərarın qəbul olunacağını düşünməyə əsas verir.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti