Azərbaycan, Bakı, 13 yanvar /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Koreya Respublikası Milli Assambleyasının sədri Pak Hi Tenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Trend-in məlumatına görə, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Əlaqələrimizin siyasi sahədə yüksək səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığımızın yaxşı nəticələr verdiyini, ölkələrimiz arasında ticarət dövriyyəsinin sürətlə artdığını dedi.
Son illər Koreya şirkətlərinin Azərbaycan üçün vacib olan layihələrdə iştirakından məmnunluğunu bildirən dövlətimizin başçısı bu əməkdaşlığın daha da genişləndirilməsində ölkəmizin maraqlı olduğunu dedi. İkitərəfli münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin önəmini qeyd edən Prezident İlham Əliyev Koreya Respublikasının Milli Assambleyasının sədri Pak Hi Tenin ölkəmizə səfərinin uğurlu olacağına və səfər zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı səmərəli danışıqların və müzakirələrin aparılacağına əminliyini bildirdi.
Pak Hi Te Koreya Respublikası Milli Assambleyasının sədri kimi Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə etdi. O bildirdi ki, ölkəmizə səfərinin əsas məqsədi Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyi ilə bağlı yubiley tədbirlərində iştirak etmək və ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparmaqdır.
Azərbaycana səfəri zamanı ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayan Pak Hi Te Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə böyük tərəqqiyə nail olunduğunu dedi.
Görüşdə informasiya-kommunikasiya texnologiyaları, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində ölkələrimizin maraqlı olduğu bildirildi.
Sonda xatirə şəkli çəkdirildi.