...

Mübariz Əhmədoğlu: Son terror hadisələri Şimali Qafqazda terrorizmin ikinci dalğası haqqında danışmağa əsas verir

Siyasət Materials 4 Sentyabr 2012 13:49 (UTC +04:00)
İnquşetiyada və Çeçenistanda tez-tez törədilən terror hadisələri Şimali Qafqazda terrorizmin ikinci dalğası haqqında danışmağa əsas verir.
Mübariz Əhmədoğlu: Son terror hadisələri Şimali Qafqazda terrorizmin ikinci dalğası haqqında danışmağa əsas verir

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir E.Mehdiyev/

İnquşetiyada və Çeçenistanda tez-tez törədilən terror hadisələri Şimali Qafqazda terrorizmin ikinci dalğası haqqında danışmağa əsas verir. Trend-in məlumatına görə, bunu çərşənbə günü Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ikinci dalğa birinci dalğadan təhlükəlidir.

"Rusiya Şimali Qafqazda və Dağıstanda terrorizmə qarşı mübarizə apararkən separatizmin kökünü kəsə bilmədi, atdığı addımlar yarımçıq oldu. Mərkəzi hakimiyyət RF-nin digər regionlarında Şimali Qafqazdan çıxanlara münasibəti yaxşılaşdıra bilmədi", - Əhmədoğlu deyib.

O hesab edir ki, erməni separatizminə dəstək verməklə, 40 minlik əhalisi olan Cənubi Osetiyanı müstəqil dövlətə çevirməklə Şimali Qafqazda dezinteqrasiya prosesinin qarşını almaq mümkün deyil.

"Şimali Qafqaz və Dağıstanda Mərkəzə inteqrasiya prosesini arzulayan rəsmi Moskva digər tərəfdən 40 minlik osetinə dövlət, 1,5 milyonluq ermənilərə iki dövlət qurmasına şərait yaratmaqla dezinteqrasiya prosesini dəstəklədiyini nümayiş etdirdi", - Əhmədoğlu qeyd edib.

O vurğulayıb ki, Şimali Qafqaz və Dağıstanda separatizmin birinci dalğası zamanı dini ekstremizm müsəlman ərəb dövlətləri və Türkiyə rəsmiləri tərəfindən açıq şəkildə dəstəklənmirdi. İndi RF Səudiyyə Ərəbistanını İranla əlaqəli məsələlərdə günahlandırdığı üçün Səudiyyə Ərəbistanı RF-yə nota verdi.

O hesab edir ki, bənzər yanaşmanı Türkiyə ilə də bağlı ortalığa qoymaq mümkündür. "Türkiyənin ümumi rəyinə atılan fikirlərdən biri də Türkiyəni zəiflətmək üçün Rusiyanın PKK faktorundan yararlanması, kürd separatçılarına dəstək verməsidir. Türkiyə ilə Rusiya arasında Suriya məsələsində şübhələr daha da artır. Türkiyənin Şimali Qafqaza müdaxilə etməyə həmişə geniş imkanları olub", - politoloq deyib.

Onun sözlərinə görə, Şimali Qafqaz və Dağıstanda baş verənlərdən ən təhlükəli yenilik Çeçenistan və İnquşetiyanın liderlərinin öz ərazilərində törədilmiş terror hadisələrində qarşılıqlı olaraq bir-birilərini ittiham etməsidir.

Əhmədoğlu qeyd edib ki, Qərbin də Şimali Qafqazda vəziyyətin gərginləşməsində marağı ola bilər. "Ərəb dövlətləri vasitəsilə köhnə sxemlər işə düşə bilər. RF-nin SSRİ-ni bərpa etmək planları, Suriya hadisələrində tutduğu mövqe Qərbi ciddi narahat edir", - politoloq qeyd edib.

Xəbər lenti

Xəbər lenti