Azərbaycan, Bakı, 1 oktyabr /Trend/
Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Fransa Senatının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin gündən-günə inkişaf etməsi məmnunluqla vurğulanıb. Məmmədyarov ölkələrimiz arasında həm enerji, həm də qeyri-enerji sahəsində əlaqələrin genişləndirilməsi üçün potensialın olduğunu diqqətə çatdırıb və iki ölkənin parlamentləri arasında təmasların artırılmasının ümumi münasibətlərə töhfə verəcəyini qeyd edib.
Nazir Prezident İlham Əliyevin Fransaya sonuncu səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyətini vurğulayıb.
O, həmçinin, Ermənistan-Azərbaycan münaqişəsi və münaqişənin həlli istiqamətində aparılan danışıqların vəziyyəti haqqında Fransa nümayəndə heyətinə məlumat verib.
Məmmədyarov bununla yanaşı, Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən iri enerji layihələrindən də bəhs edib.
Fransa nümayəndə heyətinin üzvləri ölkələrimiz arasında əlaqələrin inkişafından məmnun olduqlarını bildirib və Azərbaycanda gedən hərtərəfli inkişafın onlarda xoş təəssürat yaratdığını qeyd ediblər. Fransanın Azərbaycanla bütün sahələrdə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu və son zamanlar həyata keçirilmiş yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verdiyini diqqətə çatdırıblar.