Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir M.Əliyev/
20 il ərzində Azərbaycan siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirərək, dövlətçiliyini inkişaf etdirmiş, demokratik dəyərlərə yiyələnmiş və liberal prinsiplərə əsaslanan özünün iqtisadi modelini yaratmışdır. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Bakıda bazar ertəsi keçirilən "Azərbaycan 2020: Gələcəyə baxış" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Bu müddət ərzində yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində ciddi uğurlar qazanılmışdır. Əslində Azərbaycan dövlətçiliyinin uğurları onun əsasını qoyan ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplərin həyata keçirilməsi ilə mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin siyasi kursu təkcə Azərbaycan Respublikasının deyil, bütünlükdə regionun gələcək inkişaf perspektivini, onun dünya siyasi və iqtisadi inteqrasiyasına yardım göstərmişdir", - Mehdiyev əlavə edib.
PA rəhbərinin sözlərinə görə, "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycan qarşısında yeni perspektivlər açmış, Bakı-Tbilisi-Ceyhan neft ixracı kəməri, Bakı-Tbilisi-Ərzurum qaz ixracı kəməri və digər əhəmiyyətli layihələrin həyata keçirilməsinə imkan vermişdir.
"Bu regional təşəbbüslər yenicə müstəqillik qazanmış region dövlətlərinin möhkəmlənməsinə real məzmun vermişdir. Məhz qlobal və regional xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilən siyasət nəticəsində siyasi müstəqilliyin iqtisadi bazisi formalaşdı. İlk növbədə Azərbaycan enerji və ərzaq təhlükəsizliyi problemlərini həll etməklə, bütövlükdə iqtisadi müstəqilliyinin inkişafına dönməz xarakter verdi. Dünyada ən sürətli iqtisadi inkişaf dinamikası Azərbaycanın həm regional, həm də qlobal miqyasda nüfuzunun artmasına və onun yeni geoiqtisadi oyunçuya çevrilməsinə şərait yaratdı. Azərbaycan öz sərvətlərini, iqtisadi resurslarını və əlverişli coğrafi mövqeyinin yaratdığı imkanlardan bəhrələnib öz iqtisadi potensialını inkişaf etdirməklə yanaşı, regional əməkdaşlığın güclənməsinə təkan vermişdir", - Mehdiyev deyib.
Onun sözlərinə görə, beləliklə, Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi regional güc mərkəzi modelini yaratmışdır.
"Dünya İqtisadi Forumunun dərc etdiyi "Qlobal rəqabətədavamlılıq hesabatında" Azərbaycan dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmaqla, MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olduğunu sübut etmişdir. 20 il əvvəl Azərbaycanla eyni səviyyədə qərarlaşan postsovet ölkələri indi iqtisadi inkişaf səviyyəsinə görə respublikamızla rəqabətdə çətinlik çəkirlər. Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi diversifikasiyanın nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Bəzən ölkəmiz dünya iqtisadiyyatında yeni təməyülləri hətta Avropa ölkələrini qabaqlamaqla mənimsəyir. Məsələn, Azərbaycan resursla zəngin olan ölkələr sırasında enerji səmərəliliyi sahəsində ən yüksək nailiyyət qazanmış və Şərqi Avropada "yaşıl iqtisadiyyat"ın tədqiqini aparan ilk ölkə olmuşdur", - Mehdiyev çıxışında bildirib.
O deyib ki, dinamik sosial-iqtisadi inkişafı, sosial rifahın yaxşılaşmasını və şaxələndirmə siyasətinin uğurlarını nəzərə alaraq beynəlxalq reytinq agentlikləri Azərbaycanın reytinqini investisya səviyyəsində saxlamaqla ölkədə aparılan davamlı islahatlara məntiqi qiymət vermişlər.
"Hazırda Azərbaycan kredit reytinqinin səviyyəsinə görə MDB məkanında ən irəlidə gedən ölkələrdən biridir. Qlobal iqtisadi böhran fonunda aparıcı dövlətlərin də kredit reytinqi aşağı salındığı halda Azərbaycanın bu sahədəki uğurları əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu iqtisadi siyasətin Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin siyasəti nəticəsində 2003-2011-ci illərdə ümumdaxili məhsulun (ÜDM) orta illik artım tempi 14,2 faiz, qeyri-neft sektorunda isə 10,7 faiz olmuşdur. 2003-2011-ci illərdə ölkənin strateji valyuta ehtiytları 25,3 dəfə, dövlət büdcəsi 16,6 dəfə, bank aktivlərinin həcmi 10,4 dəfə, nominal əmək haqqı 5,9 dəfə, nominal orta aylıq pensiya 6,1 dəfə artmış, yoxsulluğun səviyyəsi 44,7 faizdən 7,6 faizə enmişdir", - Mehdiyev bildirib.
PA rəhbəri deyib ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatının şaxələnməsi və sosial rifah sahəsində mühüm nailiyyətlər əldə etmişdir.
"Beləliklə, Azərbaycan keçid dövrünü başa vuraraq qlobal və regional çağırışlar fonunda kəmiyyət və keyfiyyət etibarı ilə yeni dövrün astanasındadır. Güclü iqtisadiyyat demokratik inkişafın maddi bazasını təşkil edir. Azərbaycanda siyasi və iqtisadi islahatların uğurla həyata keçirilməsi davamlı inkişafın təmin olunmasına yönəlmişdir. Respublikamızda əsas insan azadlıqları, demokratiyanın inkişafı, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması sahəsində mühüm uğurlar əldə edilmişdir. Qısa müddət ərzində Azərbaycan demokratiyanı özünün siyasi fəlsəfəsinə çevirmiş, zəruri islahatlar həyata keçirmişdir. Bu islahatlar Azərbaycanın dünya birliyinə inteqrasiyasını təmin etməklə yanaşı, daxili sabitliyin güclənməsinə xidmət etmişdir. Bu Heydər Əliyev strategiyasının və Prezident İlham Əliyevin fəaliyyətinin uğurudur", - Mehdiyev bildirib.
Onun sözlərinə görə, Avropa insan hüquqları Konvensiyasına imza atan Azərbaycan Avropa demokratiya ailəsinin ayrılmaz bir üzvünə çevrilmiş, insan amilini, onun hüquq və azadlıqlarının təmin edilməsi kontekstində inkişafını dövlət siyasətinin əsas meyarı kimi təyin etmişdir.
"Bu gün Azərbaycanda insan bütün inkişafın həm məqsədi, həm də hərəkətverici qüvvəsidir. MDB məkanında senzuranın ləğvini irəli sürən birinci ölkə olan Azərbaycanda hazırda internet istifadəçilərinin sayı təqribən hər 100 nəfərə 65 nəfər olmaqla orta dünya göstəricisini təxminən iki dəfə üstələyir. Hökumətin fəaliyyətində hesabatlılıq və şəffaflığın təmin olunmasında, həmçinin vətəndaşların idarəetmə proseslərinə cəlb edilməsi işində internetə azad çıxışın rolu böyükdür. Azərbaycanın müstəqil xarici siyasəti, onun daxili siyasətinin məntiqi davamıdır. Biz beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində hər zaman fəal iştirak etmişik. Azərbaycanın güc imkanları, o cümlədən malik olduğu coğrafi mövqe, hərbi-iqtisadi imkanlar və siyasi iradə ona imkan vermişdir ki, dünya siyasətinin təyin edilməsində bilavasitə iştirak etsin. Təsadüfi deyil ki, müstəqilliyinin 20 ilinin tamamında Azərbaycan Respublikası dünya dövlətlərinin dörddə üçünün dəstəyilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilmişdir. Beləliklə, Azərbaycan BMT-nin sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya və ədalətə xidmət etməklə beynəlxalq məsələlərin həllinə cəlb olunub. Prezident İlham Əliyevin Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə bəyanatında deyilirdi ki: "Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir", - Mehdiyev bildirib.
Akademik deyib ki, Azərbaycan Respublikası Avrasiya coğrafiyasının mərkəzində olmaqla şərq və qərb sivilizasiyalarının dialoq platformasına çevrilib. Belə dialoq bəşəriyyətdə müxtəlifliyin əhəmiyyətini göstərməklə fərqliliyə qarşı dözümlülüyü təbliğ edir. Azərbaycan eyni zamanda Avropa Şurası və İslam Əməkdaşlığı Təşkilatının üzvü kimi həm Qərb, həm də Şərq dəyərlərini özündə birləşdirən və inkişaf etdirən, xüsusi əhəmiyyətə malik bir dövlətdir. Bu, Azərbaycan dövlətinin qədim tarixi xüsusiyyətlərindən irəli gəlir. Qərblə Şərqin kəsişiyində yerləşən Azərbaycan, hər iki region arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin inkişafında mühüm amilə çevrilmişdir.
"Təsadüfi deyil ki, Azərbaycan tolerantlıq nümunəsi olaraq mədəniyyətlərin, dini nüfuz dairələrinin və ədəbi cərəyanların qovuşması məkanı olmuşdur. Ulu öndər Heydər Əliyevin qətiyyətlə hazırlayıb həyata keçirdiyi Qərbə inteqrasiya strategiyası bizim tarixi rolumuzu bərpa etməyə, Avropa dəyərlərini milli mənəvi dəyərlərlə uzlaşdırmağa və gələcək inkişafımızın möhkəm əsaslarını hazırlamağa imkan vermişdir. Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi, qlobal və regional çağırışlara cavab verərək ölkəmizin dünya nizamında öz mövqelərini gücləndirməsi üçün Prezident İlham Əliyev "Azərbaycan - 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə fərman imzalamışdır. Bu sənəd 2020-ci ilə qədər olan dövrdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, nəqliyyat, tranzit və logistika infrastrukturunun tәkmilləşdirilməsi, bölgələrin tarazlı inkişafı, informasiya cəmiyyətinə keçidin təmin olunması, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması, institusional islahatların davam etdirilməsi, mədəni irs və ətraf mühitin qorunması məsələlərini əhatə edir", - PA rəhbəri nitqində söyləyib.
Mehdiyev qeyd edib ki, təqdim edilən konsepsiya beynəlxalq təcrübədə hazırlanan analoji sənədlərdən mahiyyətinə və əhatə etdiyi sahələrə görə bir qədər fərqlənir. Bir qayda olaraq beynəlxalq təcrübədə hazırlanmış uzunmüddətli strateji sənədlər daha çox sosial-iqtisadi hədəfləri özündə əks etdirir. Hazırda təqdim edilən sənəd cəmiyyətimizin qarşısında duran böyük əksəriyyət məsələləri özündə ehtiva etmişdir.
"Azərbaycan - 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının qəbul edilməsinin məntiqi davamı olaraq strateji hədəflərin reallaşdırılması üçün müxtəlif sahələri əhatə edən məqsədli proqramlar qəbul ediləcəkdir. İnkişaf Konsepsiyası orta və uzun müddətli iqtisadi proqnozlaşdırma və planlaşdırma ilə əlaqələndiriləcək ki, bu da təyin edilən hədəflərə nail olmağın etibarlı yollarını, həmçinin, resursların rasional bölüşdürülməsini təmin edəcəkdir. Konsepsiaya çərçivəsində Azərbaycan qlobal miqyasda çağırışlara cavab verərək innovasiya və modernləşmə fəaliyyətini keyfiyyətcə yeni müstəviyə qaldıracaq. İqtisadi inkişafın innovativ xarakteri rəqabətədavamlılğı yüksəldəcək və dünya iqtisadiyyatına səmərəli inteqrasiya imkanları yaradacaqdır. Azərbaycan dövlətinin strateji vəzifəsi biliklərə əsaslanan iqtisadiyyatın yaradılması və inkişaf etdirilməsidir. Lakin inkişaf birtərəfli olmayacaq, davamlı xarakter daşımaqla iqtisadi, sosial və ekoloji məsələrəri də əhatə edəcəkdir. Bu imkan verəcək ki, konsepsiyanın əhatə etdiyi dövrdə ölkədә adambaşına düşən Ümumdaxili Məhsulun həcmi iki dəfədәn çox artaraq 13000 ABŞ dollarına çatdırılsın. Azərbaycan əlverişli coğrafi mövqeyindən yararlanaraq enerji, nəqliyyat, tranzit və logistika infrastrukturunun inkişaf etdirilməsi ilə regional mərkəzə çevriləcəkdir. Azərbaycan dövləti əhalinin sosial rifah halının yaxşılaşdırılmasına dəstək verməklə yanaşı, həm də insan kapitalının inkişafında və orta təbəqənin gücləndirilməsində maraqlıdır. Bunun üçün təhsil və səhiyyə xidmətinin keyfiyyət və kəmiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyması, gənclərin potensialından geniş istifadə edilməsi, məşğulluğun artırılması və gender balansının qorunmasına ehtiyac vardır", - Mehdiyev deyib.
Onun sözlərinə görə, konsepsiya layihəsində qeyd olunmuşdur ki, nəzərdə tutulmuş hədəflərin reallaşması baxımından institusional potensialın gücləndirilməsi özündə üç əsas istiqaməti ehtiva edəcəkdir: dövlət sektorunda insan resurslarının inkişaf etdirilməsi, elektron-hökumət fəaliyyətlərinin genişləndirilməsi, institusional islahatların davam etdirilməsi. Azərbaycan dövləti bundan sonra da vətəndaş cəmiyyətinin davamlı inkişafına münbit şərait yaradacaqdır.
"Azərbaycan - 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası ulu öndər Heydər Əliyev tərəfindən yaradılan milli inkişaf modelinə uyğundur.