Azərbaycan, Bakı, 30 mart /Trend/
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirdə rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva 31 mart soyqırımı barədə danışıb.
Millət vəkili soyqırımının miqyası və qurbanlarının sayı barədə ətraflı məlumat verib.
Bildirib ki, təkcə ötən əsrdə Azərbaycanın əhalisi dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən insan hüquqlarının pozulmasına, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan etnik təmizlənməyə və deportasiyaya məruz qalıb: "Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də bu cür qanlı faciələr törədilib. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilib, Şuşada görünməmiş qırğınlar törədilib. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilib, məscidlər, məktəblər yandırılıb və dağıdılıb. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilib, əhalisi qətlə yetirilib".
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının İdarə Heyətinin üzvləri faciənin nəticələri barədə məlumat veriblər. Gənc nəslə bu soyqırımı haqqında dolğun məlumatların verilməsinin əhəmiyyətindən danışanlar bu işdə orta və ali məktəb müəllimlərinin rolunu xüsusilə vurğulayıblar.
Tədbirdə xüsusi olaraq vurğulanıb ki, Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub. Ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilib. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.