...

Əli Həsənov: “NATO və Avropa İttifaqı Cənubi Qafqazda regional təhlükəsizliyin təminatında öz potensialından daha çox istifadə etməlidir”

Siyasət Materials 6 Aprel 2013 14:12 (UTC +04:00)
“Azərbaycan Avropaya vahid ailə kimi baxır və bu qitədən aldığından daha çox ona öz töhfəsini vermək istəyir”. Trend-in məlumatına görə, bu fikirləri “New Europe” nəşrinə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib.
Əli Həsənov: “NATO və Avropa İttifaqı Cənubi Qafqazda regional təhlükəsizliyin təminatında öz potensialından daha çox istifadə etməlidir”

Azərbaycan, Bakı, 6 aprel /Trend/

"Azərbaycan Avropaya vahid ailə kimi baxır və bu qitədən aldığından daha çox ona öz töhfəsini vermək istəyir". Trend-in məlumatına görə, bu fikirləri "New Europe" nəşrinə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib.

"İqtisadiyyat bu töhfənin əsas istiqamətlərindən biridir və biz Avropa ölkələrinə aktiv şəkildə investisiya yatırırıq". Nəşrdə qeyd olunur ki, Əli Həsənov bu sözləri Bakıda "The Business Year" jurnalının Azərbaycana həsr olunmuş "The Buisness Year: Azerbaijan - 2013" xüsusi buraxılışının təqdimat mərasimində deyib. Xatırladaq ki, jurnal tərəfdaşları və oxucuları arasında keçirdiyi sorğunun nəticələri əsasında Azərbaycan prezidenti İlham Əliyevi "İlin adamı" elan edib.

Əli Həsənov "New Europe"ya bildirib ki, Azərbaycan əvvəllər Avropadan sərmayə cəlb etməyə can atırdı: "İndi isə biz Avropa iqtisadiyyatına sərmayə yatırırıq və hazırda Avropanın enerji təminatında Azərbaycanın artan rolunu görürük".

Əli Həsənov tədbirdə çıxışı zamanı son 10 il ərzində Azərbaycanda ümumi daxili məhsulun həcminin 3 dəfə, sərmayələrin həcminin isə 10 dəfə artdığını vurğulayıb: "Azərbaycan ən stabil inkişaf edən ölkələrdən biridir. Dünya iqtisadiyyatında üç ildir ki, davam edən böhrana baxmayaraq, Azərbaycan öz iqtisadi inkişafını davam etdirib və onu daha cəlbedici səviyyəyə yüksəldib. Azərbaycan qeyri-nef sektorunun, xüsusilə İKT-nin inkişafına xüsusi önəm verir. Bu il Azərbaycan ilk süni peykini fəzaya çıxarıb".

Əli Həsənov Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyini xatırladaraq bildirib ki, ölkəmiz beynəlxalq arenada da aktiv rol oynamağa başlayıb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri bəyan edib ki, Azərbaycan Avropa və beynəlxalq institutların diqqətini Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə çalışır: "Üç daha nüfuzlu institut var - Avropa İttifaqı, NATO və ATƏT. Əlbəttə, Avropa Şurasını da yaddan çıxarmaq olmaz, buna görə də biz Avropa Şurası ilə aktiv əməkdaşlıq edirik. Lakin təhlükəsizlik nöqteyi-nəzərindən ən nüfuzlu institutlardan biri NATO-dur. Avropa qitəsi ilə iqtisadi münasibətlərə gəldikdə isə, biz AB ilə əməkdaşlığın inkişafına tərəfdarıq. Təəssüf ki, bu iki təşkilat Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv iştirak etmir. Onlar ərazi bütövlüyümüzü tanıyan bəyanatlar verir və tərəfləri münaqişəni sülh yolu ilə həll etməyə çağırırlar. Lakin biz hesab edirik ki, regional təhlükəsizliyin təminatında bu iki institutun potensialı daha böyükdür və onlar bu potensialdan istifadə etməlidirlər".

Əli Həsənov AB və NATO-nu dondurulmuş münaqişələrin həlli istiqamətində daha mühüm addımlar atmağa çağırıb: "Düşünürəm ki, onlar Ermənistanı bu regionda sülhün bərqərar olması ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə dəvət edə bilərlər. Bu, əlbəttə ki, regionda sülhün bərqərar olmasına və AB ölkələrinə enerji resurslarının daha təhlükəsiz şəkildə nəqlinə təsir göstərmiş olacaq. Çünki təkcə Avropa qitəsində sülhün olması yetərli deyil, bunun üçün Cənubi Qafqazda da sülh bərqərar olmalıdır".

"New Europe" məqalədə Bakıda keçirilmiş tədbirdə Azərbaycan rəsmilərinin çıxışlarına geniş yer verib: "Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bəyan edib ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir. Bundan başqa, Azərbaycanda qeyri-neft sektorunun əhəmiyyətli inkişafı müşahidə olunur. Ölkədə yoxsulluq səviyyəsi 6 faizə enib, yoxsulluğun tam aradan qaldırılması üçün gələcəkdə də tədbirlər görüləcək. Azərbaycan prezidenti İlham Əliyevin əsas prioriteti iqtisadiyyatın qeyri-neft sektorunun inkişafıdır. Son üç il ərzində qeyri-neft iqtisadiyyatı sürətlə inkişaf edir. Ötən il iqtisadi artım qeyri-neft sektorunun inkişafı hesabına baş verib. Ümidvarıq ki, 2020-ci ildə Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 80 faiz təşkil edəcək".

Şahin Mustafayev həmçinin qeyd edib ki, Azərbaycan kiçik və orta müəssisələrin kredit alması üçün münbit şəraitin yaradılması və bu müəssisələrin fəaliyyətinə bürokratik əngəllərin aradan qaldırılması istiqamətində addımlar atıb: "Azərbaycanda 80 mindən artıq sahibkar mövcuddur. Bu günlərdə "Sahibkarlıq fəaliyyəti haqqında" qanun layihəsi Milli Məclisə təqdim olunub və ümidvarıq ki, qanun layihəsi yaxın vaxtlarda qəbul olunacaq".

Məqalədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin tədbirdəki fikirlərinə də geniş yer verilib: "Natiq Əliyev xatırladıb ki, 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində xarici şirkətləri Azərbaycana sərmayə yatırmağın məqsədəuyğunluğuna inandırmaq çətin idi. İndi isə Azərbaycan özü həm ölkə daxilində, həm də xaricdə böyük investora çevrilir. TANAP layihəsində ARDNŞ-in 80 faiz paya malik olmasını buna misal çəkmək olar".

Natiq Əliyev Azərbaycanın böyük miqdarda neft və qaz ehtiyatlarının olduğunu bildirib: "Azərbaycan əvvəllər də heç vaxt bərpa olunan enerji mənbələrindən asılı olmayıb. Enerjinin yalnız 14 faizi su elektrik stansiyalarında istehsal olunur, 11 faizi isə bərpa olunan enerji mənbələrindən alınır. Azərbaycan enerji təminatında bərpa olunan enerji mənbələrinin payını artırmaq istəyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti