...

Bu da Milli Şuranın sonu

Siyasət Materials 7 Yanvar 2014 17:33 (UTC +04:00)

Elçin Mehdiyev - Trend-in icmalçısı

Bu da Milli Şuranın sonu. "Avazı yaxşı gələn" Milli Şuranın oxuduğu nəinki Quran, heç sanballı əsər də olmadı. Prezident seçkilərindəki uğursuzluqdan sonra Milli Şura daxilindəki qeyri-müəyyənlik və orada təmsil olunan partiyalar arasında parçalanma və fikir ayrılıqları daha da intensivləşdi.

Milli Şura hələ yaranmamışdan ona son 20 ildə Azərbaycan müxalifətinin "ən böyük birliyi", "ən böyük bloku" və s. bu kimi təmtəraqlı adlar qoydular. Lakin ilk günlərdə baş verən proseslərdən göründü ki, bütün bu iddialar heç də həqiqətəuyğun deyil. Axı Milli Şura indiyə qədər müxalifət düşərgəsində yaranan birliklərdən hansı üstünlükləri ilə fərqlənirdi?

Azərbaycan müxalifətinin bir sıra tanınmış simaları da bu fikirdədirlər ki, Milli Şuranın təcrübəsi Azərbaycan müxalifətinin bundan əvvəlki təcrübəsindən bir addım da qabağa getməyib. Yəni çox da uzağa getmək lazım deyil, diqqət yetirsək görərik ki, Milli Şuranın tərkibi, konfiqurasiyası elə İctimai Palatanın modelidir. Siyasi partiyalar, QHT-lər və ayrı-ayrı fərdlər bundan qabaq İctimai Palatada da təmsil olunurdular.

Hətta belə demək olar ki, Milli Şura ideyası ortaya çıxandan onun reallaşması istiqamətində aparılan işlər bir çox narazılıqlar, fikir ayrılıqları ilə müşahidə olundu, yəni bütün qərarlar çox çətinliklə, hətta Milli Şura iştirakçılarının bir hissəsinin razılığı olmadan qəbul edildi.

Ümumilikdə isə Milli Şuranın tərkibi daim bir-biriləri ilə yola getməyən şəxslərdən ibarət idi. Milli Şuranın tərkibi ideoloji cəhətdən bir-birilərinə uyuşmazların qarışığı idi. Yəni Milli Şura Rusiyapərəst, İranpərəst və Azərbaycan üçün heç də yaxşı vədlər verməyən digər qüvvələrdən ibarət idi ki, bu da Milli Şuranın Azərbaycan xalqı üçün yaxşı nəsə edəcəyini qeyri-mümkün edirdi.

Artıq yuxarıda sadalanlar öz təsdiqini tapmaqdadır. Prezident seçkilərindən sonra Milli Şuranın mahiyyəti sürətlə zədələnməyə başladı və qurumdan istefaların ardı-arası kəsilmirdi. Bu gün isə Milli Şura Müsavat Partiyasının çoxdan gözlənilən istefası ilə ən ağır zərbə aldı. Düzdür, indiyə qədər bir sıra partiyalar Milli Şuranı tərk etmişdi. Lakin bu partiyaların istefası Milli Şuranın fəaliyyətini demək olar ki, təhlükədə qoymurdu. Milli Şuranın əsas aparıcı qüvvəsi olan Müsavat Partiyasının qurumu tərk etməsi isə yəqin ki, Milli Şuranın iflasının başlanğıcıdır. Bundan sonra çətin ki Milli Şura öz yoluna davam edə bilsin, etsə də heç bir əhəmiyyəti olmayacaq.

Bütün bunlar onu göstərdi ki, Milli Şura sanki bünövrəsi zəif qoyulmuş, tavanı su buraxan, uçmaq təhlükəsində olan bir ev kimi yaradılmışdı. Yəni əsası idelogiyasız qoyulan, başçısı Rüstəm İbrahimbəyov kimi qeyri-siyasətçi, tərkibi isə bir-birinə heç zaman güzəştə getməyən insanlardan ibarət olan bir təşkilatın axırı elə bu ev kimi uçuruma getməli idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti