...

Putin: Ukraynada müxalifət hakimiyyətə gəlsə belə, Rusiya qazın qiyməti üzrə razılaşmaya yenidən baxmayacaq

Siyasət Materials 28 Yanvar 2014 23:34 (UTC +04:00)
Rusiya hökuməti Ukraynada müxalifət hakimiyyətə gəlsə belə, Ukrayna ilə kredit verilməsi və qazın qiyməti üzrə əldə olunmuş razılaşmaya yenidən baxmaq niyyətində deyil.
Putin: Ukraynada müxalifət hakimiyyətə gəlsə belə, Rusiya qazın qiyməti üzrə razılaşmaya yenidən baxmayacaq

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Rusiya hökuməti Ukraynada müxalifət hakimiyyətə gəlsə belə, Ukrayna ilə kredit verilməsi və qazın qiyməti üzrə əldə olunmuş razılaşmaya yenidən baxmaq niyyətində deyil. Trend-in UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə RF Prezidenti Vladimir Putin Brüsseldə Rusiya-Avropa İttifaqı sammitindən sonra bildirib.

V.Putin qeyd edib: "Əgər Ukraynada müxalifət hakimiyyətə gəlsə, kredit və energetika üzrə əldə etdiyimiz razılaşmaya yenidən baxacağıqmı? Baxmayacağıq. Bizim üçün vacib deyil. Biz ki Yuliya Timoşenkonun başçılıq etdiyi hökumətlə də konstruktiv dialoq aparmışdıq".

O bildirib ki, Rusiya üçün vacid olan Ukraynanın krediti ödəmə qabiliyyətidir: "Və biz əmin olmaq istəyirik ki, bu pullar qayıdacaq".

Qeyd edək ki, ötən il dekabrın 17-də Moskvada Ukrayna-Rusiya dövlətlərarası komissiyanın iclasında Ukraynaya tədarük edilən Rusiya qazının qiymətinin min kubmetrə görə 268,5 dollaradək azaldılması, həmçinin RF tərəfindən Ukraynanın müstəqil avrobondlarının 15 milyard dollara alınması barədə razılaşma əldə olunub.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.

Bu gün Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib.

Xəbər lenti

Xəbər lenti