Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir E.Mehdiyev/
Ermənistan Prezidenti Serj Sarkisyan Aİ və onun "Şərq Tərəfdaşlığı" proqramı ilə bağlı heç nəyin dəyişmədiyini bildirdi. S.Sarkisyanın Aİ ilə münasibətləri barədə fikrinin Qərb tərəfdən də dəstəyi var. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloq qeyd edib ki, Fransanın Ermənistandakı səfiri Anri Reno məhz bu andan (Ukrayna proseslərinin aktivləşməsi gözlənildiyi vaxtda) Ermənistanın Aİ-lə əməkdaşlığı prosesinə yeni stimul veriləcəyini bildirdi: "Fransa Ermənistanın Aİ-lə imkan daxilində yaxınlaşmaq arzusuna yaxından bələddir və bundan sonra Fransa onun bu istiqamətdəki hərəkətinə daha qətiyyətlə kömək edəcəkdir. Ermənistan öz tarixi və mədəniyyətinə görə dərin avropayönümlü ölkədir. "Çərkəz və erməni soyqırım"larının qarşılıqlı tanınması barədə sənəd imzalandı. Sənədlərin imzalanmasını ABŞ-dakı erməni və çərkəz strukturları razılaşdırmışdı. "Erməni və çərkəz soyqırımları"nın qarşılıqlı tanınması barədə sənədin imzalanmasının vaxtı da təsadüfi seçilməmişdi".
M.Əhmədoğlunun sözlərinə görə, Soçi olimpiadası dövründə ermənilər bu sənədi imzalamaqla Rusiyaya qarşı münasibətlərini göstərdilər.
Politoloq qeyd edib ki, Rusiya üçün Soçi olimpiadası, eləcə də onun təhlükəsiz şəkildə reallaşdırılması hədsiz mühüm məsələ idi: "Soçi Olimpiadasının təhlükəsizliyinə ən böyük təhdid isə çərkəz məsələsi hesab edilirdi. Məhz buna görə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan arasında Soçi olimpiadasının təhlükəsizliyinin təmini məsələsi müzakirə edilib razılıqlar əldə edilmişdi. S.Sarkisyan Ermənistanda "çərkəz soyqırımı"nın tanınması barədə sənədin imzalanmasına reaksiya vermədi. Çünki bu kəskin antirusiya aksiyada özünün marağı var".
M.Əhmədoğlunun sözlərinə görə, Çiçəklənən Ermənistan Partiyasının üzvü, keçmiş xarici işlər naziri Vardan Oskanyan Gömrük İttifaqı və Rusiyanın əleyhinə fikir bildirən kimi Ermənistanın hakim elitasının təmsilçiləri partiyanın sədri Q.Sarukyandan V.Oskanyanın antirusiya bəyanatına reaksiya verməsini tələb etdilər: "Belə misallar çoxdur. Ona görə çərkəz məsələsində Ermənistan rəhbərliyinin və hakim elitanın susması şüurlu razılıq deməkdir".