Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İ.İzzət/
Azərbaycan Respublikasının Müdafiə naziri NATO Parlament Assambleyasının Prezidentini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iyunun 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO Parlament Assambleyasının Prezidenti cənab Hüqh Bayleyi (Böyük Britaniya) qəbul edib.
Müdafiə naziri qonağı salamlayaraq, bölgədəki hərbi-siyasi vəziyyət barədə ona ətraflı məlumat verib, həmçinin Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, bunun nəticəsində sülh prosesinin yubanması və danışıqların qəsdən uzadılmasının regiondakı şəraitə mənfi təsir göstərməsi məsələsini bir daha xatırladıb.
Müdafiə naziri son zamanlar cəbhə bölgəsində baş verən atəşkəs rejiminin pozulması hallarının artmasını xüsusi qeyd edərək, bu təxribatların erməni silahlı bölmələri tərəfindən törədilməsinə diqqəti yönəldib.
Bakıda keçirilən NATO Parlament Assambleyasının "Rose-Roth" seminarında iştirak edən cənab Hüqh Bayley öz növbəsində qəbul və onu maraqlandıran məsələlər barədə ətraflı məlumatlandırıldığı üçün Müdafiə nazirinə təşəkkürünü bildirib, regiondakı sülhün bərqərar olması üçün səylərin daha da artırılmasının vacibliyini vurğulayıb.
Daha sonra görüşdə regional məsələlər, Azərbaycan-NATO ikitərəfli əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.