Azərbaycan, Bakı, 20 iyun /Trend/
Bolqarıstanın paytaxtı Sofiyada ölkənin sabiq prezidentləri, tanınmış siyasətçilər - Jelyu Jelev (1990-1997) və Georgi Pırvanov ilə (2002-2012) Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təmsilçisi Rövşən Muradov arasında görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, Dövlət Komitəsinin dəstəyi ilə 2013 və 2014-cü illərdə keçirilmiş Qlobal Açıq Cəmiyyətlər Forumunun əhəmiyyəti, Mərkəzlə Bolqarıstan arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib. J.Jelev və G.Pırvanov bu əməkdaşlığı genişləndirmək məqsədilə Mərkəzə üzvlük dəvətini məmnuniyyətlə qəbul ediblər.
Yunanıstanın nüfuzlu dövlət və siyasi xadimi, 2009-2011-ci illərdə hökumətə rəhbərlik etmiş Georgios Papandreu da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub. Bu barədə razılıq R.Muradovun tanınmış siyasətçi ilə Afinada keçirdiyi görüşdə əldə olunub.