...

Rəsmi Bakı: Nils Muiznieks azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsini təmin etməlidir

Siyasət Materials 25 Noyabr 2014 18:46 (UTC +04:00)
"Azərbaycana son səfəri zamanı Nils Muiznieksin müxtəlif səviyyələrdə lazımi görüşlər keçirməsi üçün bütün imkanlar yaradılsa da, o bundan tam şəkildə istifadə etmədi".
Rəsmi Bakı: Nils Muiznieks azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsini təmin etməlidir

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir Səba Ağayeva/

"Azərbaycana son səfəri zamanı Nils Muiznieksin müxtəlif səviyyələrdə lazımi görüşlər keçirməsi üçün bütün imkanlar yaradılsa da, o bundan tam şəkildə istifadə etmədi". Bunu Azərbaycan Xarici İşlər Nazirliyininin mətbuat xidmətinin rəhbəri v.i.e. Hikmət Hacıyev Trend-in Avropa Şurasının insan hüquqları üzrə komissarı N.Muiznieksin Azərbaycan haqqında son açıqlaması ilə bağlı sorğusuna cavab olaraq bildirib.

O, qeyd edib ki, komissarın verdiyi açıqlamasında adını hallandırdığı hər bir şəxs konkret cinayət əməlində ittiham olunur: "Leyla Yunusovaya qarşı digər ittihamlarla bərabər, vətənə xəyanət kimi çox ciddi ittiham irəli sürülüb. Barəsində artıq məhkəmənin qərarı olan Anar Məmmədliyə qarşı isə əsasən vergidən yayınma ittihamı irəli sürülüb".

H.Hacıyevin sözlərinə görə, baxmayaraq ki, məhkəmə-hüquq sisteminin işinə müdaxilə özlüyündə Avropa Şurasının qanunun aliliyi barəsində təməl prinsipinin pozulmasıdır, N.Muizinieks Bakıda olduğu zaman ona barələrində istintaq gedən şəxslərlə görüşə imkan yaradılıb: "Nils Muiznieks Avropa Şurasının insan hüquqları üzrə komissarı kimi mandatına uyğun olaraq ən əsas hüquqlarından məhrum olan və etnik təmizləməyə məruz qalan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün Avropa insan hüquqları konvensiyasında təsbit olunmuş hüquqlarının müdafiəsini təmin etməlidir".

XİN rəsmisi deyib ki, Avropa insan hüquqları konvensiyasının I maddəsində insan hüquqlarına hörmət edilməsi öhdəliyi, II maddəsində isə hər kəsin yaşamaq hüququ təsbit olunub: "Biz gözləyirik ki, Nils Muiznieks mandatına uyğun olaraq, Ermənistana təzyiq göstərərək, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını Ermənistandan tələb etsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti