...

Rauf Əliyev: Nardarandakı hadisənin arxasında antiazərbaycan qüvvələr durur

Siyasət Materials 2 Dekabr 2015 15:52 (UTC +04:00)
Nardaran qəsəbəsində baş verən hadisələr bir daha göstərir ki, xaricdə mövcud olan antiazərbaycan qüvvələr fürsət düşdükcə daxildə özlərinə müəyyən dayaqlar axtarır və ölkəmizdə sabitliyi, əmin-amanlığı pozmağa çalışırlar.
Rauf Əliyev: Nardarandakı hadisənin arxasında antiazərbaycan qüvvələr durur

Bakı. Trend:

Nardaran qəsəbəsində baş verən hadisələr bir daha göstərir ki, xaricdə mövcud olan antiazərbaycan qüvvələr fürsət düşdükcə daxildə özlərinə müəyyən dayaqlar axtarır və ölkəmizdə sabitliyi, əmin-amanlığı pozmağa çalışırlar. Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev Nardaran qəsəbəsində baş verən hadisələrə münasibət bildirərkən deyib.

R.Əliyev bildirib ki, qəsəbədə baş verənlərin dinlə, islamla heç bir əlaqəsi yoxdur: "Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır. Dindarların öz dini ayinlərini həyata keçirmələri üçün respublikamızda hər bir şərait yaradılıb. Vaxtilə respublikamızda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda məscidlərin sayı 2 minə çatıb. Sovet dövründə Məkkə, Kərbəla və Məşhəd ziyarətlərinə getmək mümkün deyildi. Ancaq indi hər il minlərlə dindar bu ziyarətgahları ziyarət edə bilir. Müstəqillik dövründə çoxlu sayda məscidlər tikilib, təmir olunub, ziyarətgahlar bərpa olunub. Dini bayramlar dövlət səviyyəsində qeyd olunur".

Millət vəkili deyib ki, Azərbaycan tolerantlıq nöqteyi-nəzərindən dünyada nümunə göstərilən dövlətlərdən biridir: "Digər millətlərin, dinlərin nümayəndələri öz dini bayramlarını sərbəst şəkildə qeyd edirlər. Bunun üçün hər bir şərait yaradılıb. Bütün bunları nəzərdən keçirtdikdən sonra sual olunur: bəs niyə bu qəsəbədə bu hadisə baş verib? Bir daha qeyd etmək lazımdır ki, bu hadisənin dinlə heç bir əlaqəsi yoxdur. Bu hadisənin arxasında antiazərbaycan qüvvələr durur. Fürsət düşdükcə bu qüvvələr Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Rəsmi mənbələrdən verilən məlumatlara görə, bu hadisə silahlı-cinayətkar dəstə tərəfindən Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları törətməklə bütünlükdə konstitusiya quruluşunun dəyişdirilməsinə yönəlib".

Onun sözlərinə görə, bu qüvvələri təmsil edən şəxslər dini radikalizmi, ekstremizmi özlərinin əqidəsinə və həyat tərzinə çevirərək qəsəbədə ölkənin qanunlarını, dövlət atributlarını inkar edir, dinin təbliğatı ilə bağlı qanunvericiliyin tələblərini qəsdən pozur, azyaşlı və yeniyetmələr arasında cəhaləti və zorakılığı təbliğ edirlər: "Artıq dövlətin müvafiq sturukturları tərəfindən qəsəbədə qayda-qanunların bərpa olunması üçün müvafiq tədbirlər həyata keçirilir. Qəsəbədə radikal dini şüarlar sökulür, plakatlar və qara bayraqlar yığışdırılır".

R.Əliyev bildirib ki, Milli Məclisdə "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər edilməsi məqsədilə layihə hazırlanıb: "Dəyişikliklərə əsasən, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağan edilir. Bundan əlavə, qanuna ediləcək digər dəyişikliyə görə ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üzərində gəzdirdiyi dini atribut istisna olmaqla) nümayiş etdirilməsi də qadağan olunur. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər".

Millət vəkilinin sözlərinə görə, baş verən hadisələr göstərir ki, qəsəbədə əhali arasında birinci növbədə gənclər, yeniyetmələr və uşaqlar arasında geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Təhsil Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyə orqanları qəsəbədə zəruri olan maarifləndirmə tədbirlərini həyata keçirməlidirlər. Ancaq qoy antiazərbaycan qüvvələr bilsinlər ki, Azərbaycan hüquqi demokratik, güclü bir dövlətdir və Azərbaycan öz seçdiyi yolla uğurla inkişaf edəcək. Heç kim buna mane ola bilməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti