...

Prezident İlham Əliyev Kuba və Mərakeş səfirlərinin etimadnamələrini qəbul edib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 7 Dekabr 2016 10:33 (UTC +04:00)
Prezident İlham Əliyev Kubanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.
Prezident İlham Əliyev Kuba və Mərakeş səfirlərinin etimadnamələrini qəbul edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Kuba Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondonun etimadnaməsini qəbul edib.

Səfir Alfredo Nieves Portuondo fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Alfredo Nieves Portuondo etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Kuba inqilabının rəhbəri Fidel Kastronun vəfatı ilə bağlı bir daha Azərbaycan xalqı adından başsağlığı verdi və bu hadisənin ölkəmizdə dərin kədər hissi ilə qarşılandığını bildirdi. Azərbaycanda Fidel Kastroya böyük rəğbət bəsləndiyini bildirən Prezident İlham Əliyev Kuba xalqının bu dərin hüzn günlərində Kuba inqilabının rəhbərinin xatirəsinə göstərdiyi hörməti həmrəylik hissinin nümayişi kimi dəyərləndirdi.

Bu gün ölkələrimiz arasında siyasi, humanitar, idman sahələrində artıq yaxşı münasibətlərin formatının qurulduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanın Kuba ilə iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin artırılmasında və eləcə də səhiyyə sahəsində əməkdaşlıqda maraqlı olduğunu dedi. Prezident İlham Əliyev qeyd etdi ki, turizm sahəsində də əməkdaşlıq üçün yaxşı potensial mövcuddur. Kubada turizm biznesi çox fəal inkişaf edir və artıq bir çox Azərbaycan vətəndaşları Kubaya səfər edir, istirahətə gedir. Biz istəyirik ki, kubalılar da ölkəmizə gəlsin və Azərbaycanla yaxından tanış olsunlar.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Səfir Alfredo Nieves Portuondo Kuba inqilabının lideri Fidel Kastronun vəfatı ilə bağlı başsağlığına, onun xatirəsinə göstərilən ehtirama və Kuba xalqı haqqında deyilən xoş sözlərə görə minnətdarlığını bildirdi. Ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin inkişaf etdirilməsinin önəminə toxunan səfir bunun üçün yaxşı imkanların olduğunu vurğuladı. O, dövlətimizin başçısını əmin etdi ki, diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişafı üçün səylərini əsirgəməyəcək.

Prezidenti İlham Əliyev Mərakeş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Adil Embarşın etimadnaməsini də qəbul edib.

Səfir Məhəmməd Adil Embarş fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Məhəmməd Adil Embarş etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham Əliyev səfir Məhəmməd Adil Embarşın Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı ölkəmizin bu əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğuladı. Azərbaycan və Mərakeşin beynəlxalq təşkilatlar çərçivəsində daim yaxından əməkdaşlıq etdiklərini, bir-birini dəstəklədiklərini bildirən Prezident İlham Əliyev bunun artıq yaxşı bir ənənəyə çevrildiyini məmnunluqla qeyd etdi. Əməkdaşlığımıza dair digər sahələrin də müəyyənləşdirilməsinin zəruriliyini diqqətə çatdıran dövlətimizin başçısı xüsusilə qarşılıqlı ticarət səviyyəsinin çox aşağı olduğunu dedi, enerji, turizm və idxal-ixrac sahələrində də əməkdaşlığın önəmini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin potensialı və ixrac imkanları nəzərə alınmaqla ticarət dövriyyəsinin həcminin artırılmasının mümkünlüyünü bildirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin zəruriliyini qeyd etdi.

Səfir Məhəmməd Adil Embarş da öz növbəsində Mərakeşlə Azərbaycan arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu məmnunluqla qeyd etdi və ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatdırılması üçün əlindən gələni əsirgəməyəcəyini dedi. Məhəmməd Adil Embarş iqtisadi baxımdan bir çox istiqamətlərdə, xüsusilə enerji sahəsində əməkdaşlığın önəmindən bəhs etdi. Səfir ölkəsində Azərbaycana regionda əməkdaşlıq platforması kimi baxıldığını dedi, öz növbəsində Mərakeşin də Afrika ölkələri ilə əlaqələrin qurulması üçün platforma rolu oynaya biləcəyini vurğuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti