...

Əli Əhmədov Özbəkistan nümayəndə heyəti ilə görüşüb

Siyasət Materials 11 İyul 2017 18:28 (UTC +04:00)
YAP sədrinin müavini - icra katibi, Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov Özbəkistanın Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimovla görüşüb.
Əli Əhmədov Özbəkistan nümayəndə heyəti ilə görüşüb

Bakı. Trend:

Bu gün YAP sədrinin müavini - icra katibi, Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov Özbəkistanın Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimovla görüşüb.

Trend-in məlumatına görə, Ə.Əhmədov qeyd edib ki, Özbəkistan və Azərbaycan dost ölkə olaraq və tammiqyaslı tərəfdaşlığa sadiqliklərini təsdiq edərək çoxşaxəli əməkdaşlıq potensialını həyata keçirmək üçün güclü səy göstərirlər: "Hər iki ölkə bir-birinə səmimi qardaşlıq münasibətləri, tarixi, dili, mədəniyyəti və adət-ənənələrin yaxınlığı ilə sıx bağlıdır".

Ə.Əhmədov xalqlar arasında möhkəm və sarsılmaz qarşılıqlı anlaşma, etimad və hörmət prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətlərinin ölkələrin mənafeyi və rifahı naminə bundan sonra da durmadan inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qonaqlar dost ölkə Azərbaycanın inamlı addımlarla irəliləyən və gələcəyini quran qüdrətli bir ölkəyə çevrildiyindən məmnun olduqlarını bildiriblər. Özbəkistanın Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri qarşılıqlı səfərlərin əlaqələrin möhkəmlənməsində önəmli rol oynadığını vurğulayıb, eyni zamanda hər iki ölkənin rəhbərləri tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin Özbəkistan-Azərbaycan münasibətlərinin perspektivliyinə və gələcəyinə böyük ümid verdiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti