...

31 mart - Azərbaycanlıların Soyqırımı Günü Küveytdə qeyd olunub (FOTO)

Siyasət Materials 29 Mart 2018 13:46 (UTC +04:00)
Küveytdə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı tədbir keçirilib.
31 mart - Azərbaycanlıların Soyqırımı Günü Küveytdə qeyd olunub (FOTO)

Bakı. Trend:

Küveytin “Marina” mehmanxanasının “Six Palms” ziyafətlər zalında Küveytdə yaşayan və işləyən, təhsil alan Azərbaycan Respublikası vətəndaşları, Türkiyənin Küveytdəki Səfiri və səfirliyin əməkdaşları, Şimali Kipr Türk Cümhuriyyətinin Küveytdəki turizm nümayəndəliyinin əməkdaşları, Türkiyə və digər ölkələrin diaspora təşkilatlarının nümayəndələri, Küveyt vətəndaşları, ictimai-siyasi xadimləri, Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələri və yerli kütləvi informasiya vasitələrinin iştirakı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş anım mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, ilk öncə soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra mərasimdə Səfir Elxan Qəhrəman, Türkiyənin Küveytdəki Səfiri Ayşe Hilal Sayan Koytak və Küveytdə yaşayan və işləyən həmyerlimiz Fərid Cəfərov çıxış ediblər. Səfir Elxan Qəhrəman anım mərasimini giriş sözü ilə açaraq, “Böyük Ermənistan” yaratmaq xülyasının gerçəkləşdirilməsi məqsədilə 1813-cü və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələrinin imzalandığı tarixdən başlayaraq Azərbaycan sərhədlərinin dəyişdirildiyi, Azərbaycan torpaqlarının zəbt edildiyi, ermənilərin kütləvi surətdə həmin ərazilərə köçürüldüyü və soyqırımı siyasətinin Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildiyini vurğulayıb.

Türkiyənin Küveytdəki Səfiri Ayşe Hilal Sayan Koytak çıxış edərək, qardaş ölkə Azərbaycanın bu kədərli anma günündə azərbaycanlılar ilə birgə olmaqdan qürur duyduğunu və 1918-ci ildə baş verən faciəvi itkilərə görə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək, Türkiyənin Azərbaycanla ümumi tarixi və mədəniyyətə malik olduğunu, Azərbaycanın strateji tərəfdaşı olduğunu, ikitərəfli münasibətlərin mükəmməl olduğunu və beynəlxalq tədbirlərdə hər iki ölkə bir-birini daim dəstəklədiyini, bunun tarix boyunca belə davam etdiyini, Türkiyənin keçmişdə də həmişə qardaş Azərbaycanın, Azərbaycan isə Türkiyənin arxasında durduğunu, Türkiyə və Azərbaycanın "bir millət - iki dövlət" prinsipi əsasında dünyada misli görünməmiş bir həmrəylik nümayiş etdirdiyini bildirib.

Daha sonra mərasim iştirakçıları Azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli filmə tamaşa edib, Səfirliyin ərəb dilində press-relizi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın Azərbaycanlıların soyqırımı ilə əlaqədar Bəyanatı tədbir iştirakçılarına təqdim olunub, həmçinin iştirakçılar sözügedən soyqırımı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən müxtəlif təbliğat materialları və fotostend ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti