...

Fransa Senatının nümayəndəsi: Təklif edəcəyik ki, Azərbaycanda prezident seçkilərində tətbiq edilən bəzi qaydalar bizdə də olsun (FOTO)

Siyasət Materials 12 Aprel 2018 11:39 (UTC +04:00)
Fransaya qayıtdıqdan sonra təklif verəcəyik ki, Azərbaycanda prezident seçkilərində tətbiq edilən bəzi qaydalar bizim ölkəmizdə də olsun.
Fransa Senatının nümayəndəsi: Təklif edəcəyik ki, Azərbaycanda prezident seçkilərində tətbiq edilən bəzi qaydalar bizdə də olsun (FOTO)

Bakı. İlkin İzzət Bağırov - Trend:

Fransaya qayıtdıqdan sonra təklif verəcəyik ki, Azərbaycanda prezident seçkilərində tətbiq edilən bəzi qaydalar bizim ölkəmizdə də olsun.

Trend-in məlumatına görə, bunu Fransa Senatının Azərbaycan dostluq qrupunun rəhbəri, deputat Pyer Alan Rafanin kabinet rəhbəri Yasin Lamaui deyib.

Onun sözlərinə görə, bunlar əsasən, iki məsələ ilə bağlıdır: "Əvvəla, məntəqələrdə kameralardan istifadə olunmasıdır. Bu hər bir vətəndaşa imkan verir ki, evində oturub seçkinin gedişini izləsin. İkincisi, qeydiyyatla bağlıdır. Bizdə olduğu ərazidən 800 km aralıda olan şəxs 2 gün ərzində gedibsə, qayıdıb, yaşadığı yerdə səs verməlidir. Burda isə sadəcə arayış təqdim etməklə hər kəs istədiyi yerdən səs verə bilər. Xüsusən, tələbələrin olduğu yer üzrə rahat səs verə bildiklərini gördük".

Y.Lamaui qeyd edib ki, onlar olduqları 15 məntəqədə seçki prosesinin qanunauyğun keçirildiyini görüblər: "Mən həm öz adımdan, həm də Fransa parlamenti adından İlham Əliyevi təbrik edirəm! Həqiqətən, seçki prosesinə tam əməl olunurdu. İştirakçılıq çox yüksək səviyyədə idi. Seçki məntəqələrinin üzvləri və müşahidəçilər təlimatlandırılmışdı. Qutular təlimata uyğun bağlı idi. Biz həm məntəqələrdə, həm də şəhərdə insanları müşahidə etdik. Onlarda böyük ruh yüksəkliyi vardı".

Senatın fəxri müşaviri Mişel Laflandr isə bildirib ki, seçki beynəlxalq norma və standartlara tam uyğun gəlirdi: "Müşahidəçinin vəzifəsi mühakimə etmək deyil, müşahidə etmək olmalıdır. Mən məntəqələrdə böyük ruh yüksəkliyi müşahidə etdim. Azərbaycanda insanlarda seçkiyə böyük həvəs gördük".

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti