Bakı. İlhamə İsabalayeva - Trend:
Məhz Ulu Öndər Heydər Əliyev imkan vermədi ki, Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin taleyini yaşasın.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
O, may ayında Azərbaycan tarixində 2 əlamətdar hadisənin qeyd olunduğunu vurğulayıb:
"May ayında həm Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin, həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi keçirilir. Ulu Öndərlə Azərbaycan Xalq Cümhuriyyətini birləşdirən nüanslar var. Əsas nüans isə dövlət bayrağıdır. Çünki 1918-ci ildə Cümhuriyyət yarandıqdan sonra 3 rəngli bayrağımız təsis olundu və 23 ay yaşaya bildi. Ancaq bu estafeti Ulu Öndər qəbul etdi və bayrağı bir daha enməmək şərtilə qaldırdı. Ona görə də bu bayraq əslində Ümummilli Liderlə Cümhuriyyəti birləşdirən rəmzi bir nüansdır".
Ü.Mehdiyev bildirib ki, çox qısa müddətdə yaşayan Cümhuriyyətin süqutunun müxtəlif səbəbləri var: "Amma iki əsas var. Bunun biri Cümhuriyyətin son dövrlərində yaşanan siyasi böhran, siyasi sabitsizlik, ikinci faktor isə xarici işğal faktoru idi. Təəssüf ki, bu iki amilə görə cümhuriyyətimiz süquta uğradı. Amma tale elə gətirdi ki, əsrin sonunda biz yenidən müstəqillik əldə etdik. 1991-1992-ci illərdə dövlətimiz Cümhuriyyətin taleyini yaşamaq ərəfəsində olmuşdu. Ancaq bu dəfə bizim bəxtimiz onda gətirdi ki, Azərbaycan xalqını vahid amal ətrafında birləşdirən və böyük dövlətçilik təcrübəsinə malik liderimiz var idi. Məhz Heydər Əliyev imkan vermədi ki, Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin taleyini yaşasın".
Dövlət Agentliyinin sədri əlavə edib ki, dövlətçilik, azərbaycançılıq məfkurəsi ilə yaşayan Heydər Əliyev daim milli kadrlara himayəçilik edib, onları qoruyub və rəhbərlik etdiyi dövrdə də milli kadrları irəli çəkib, milli kadrların yetişdirilməsi üçün istər siyasi, istər iqtisadi, istərsə də hərbi sahədə baza yaradıb.