...

Deputat: Aİ-Azərbaycan əməkdaşlığının səviyyəsi tələb edir ki, Avropa Parlamenti ikili standartlardan əl çəksin

Siyasət Materials 19 Yanvar 2019 13:48 (UTC +04:00)
Avropa Parlamenti Azərbaycana qarşı siyasətdə ikili standartlardan hələ əl çəkməyib.
Deputat: Aİ-Azərbaycan əməkdaşlığının səviyyəsi tələb edir ki, Avropa Parlamenti ikili standartlardan əl çəksin

Bakı. Elçin Mehdiyev - Trend:

Avropa İttfaqı (Aİ) ilə Azərbaycan arasında mövcud əməkdaşlığın səviyyəsi tələb edir ki, Avropa Parlamenti rəsmi Bakıya qarşı siyasətində ikili standartlardan əl çəksin, hər iki tərəfin maraqlarına uyğun siyasəti yürütsün. Bunu Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

R.Əliyev qeyd edib ki, Avropa Parlamentində Azərbaycanda insan haqları ilə bağlı müzakirələr aparılıb və növbəti dəfə qərəzli qətnamə qəbul olunub: "Bu müzakirələr Avropa Parlamentinin anti-Azərbaycan mövqeyi ilə tanınan, erməni lobbisi tərəfindən dəstəklənən bir qrup deputatı tərəfindən gündəmə gətirilib".

Millət vəkili bildirib ki, qəbul olunan qətnamədə söz və mətbuat azadlığının təmin edilməsinə, "siyasi məhbus"ların buraxılmasına çağırış yer alıb: "Bunlar göstərir ki, Avropa Parlamentində Azərbaycana qarşı ikili standartlar hələ də davam edir. Çünki Avropa Parlamentində yaxşı bilirlər ki, Azərbaycanda mətbuat və söz azadlığı təmin olunur, mətbuata, fikir və söz azadlığına qarşı senzura yoxdur".

Deputat deyib ki, uzun illərdir təcavüzkar Ermənistan tərəfindən öz doğma yurdlarından qovulmuş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayırlar. Beynəlxalq aləm, o cümlədən Avropa Parlamenti qaçqın və məcburi köçkün həyatı sürən azərbaycanlıların pozulmuş haqlarına biganə qalaraq bu məsələni bir dəfə də olsun müzakirə etməyib, qiymət verməyib:

"Azərbaycanı Avropa Parlamentində təmsil edən nümayəndə heyyəti dəfələrlə bu qurumun iclaslarında insan haqqları ilə bağlı məsələlərin müzakirəsi zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşayan bir milyondan çox azərbaycanlının adi insan haqlarından belə məhrum olduqlarını bildirərək bu məsələyə qiymət verilməsini tələb ediblər. Çox təəssüflər olsun ki, bu vaxta kimi Avropa Parlamenti bu məsələyə münasibət bildirməyib. Bu, bir daha göstərir ki, Avropa Parlamenti Azərbaycana qarşı siyasətdə ikili standartlardan hələ əl çəkməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti