...

Deputat: Problemli kreditlərin həlli ilə bağlı qərar dövlətin vətəndaşlara yüksək diqqət və qayğısının növbəti təzahürüdür

Siyasət Materials 5 Mart 2019 16:02 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Problemli kreditlərin həlli ilə bağlı qərar dövlətin vətəndaşlara yüksək diqqət və qayğısının növbəti təzahürüdür. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva qeyd edib: "Problemli kreditlər məsələsi 2015-ci ildən güclənən qlobal miqyaslı maliyyə-iqtisadi böhranın nəticəsi olaraq meydana çıxmışdı. Ölkəmizdə baş vermiş iki devalvasiyanın yekunu olaraq dollar manatın məzənnəsinə nisbətdə yüksəldi və banklardan dollarla kredit götürmüş vətəndaşların ödəmə qabiliyyətinə zərbə vurdu. Amma belə bir proses təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində də müşahidə edildi".

Deputat bildirib ki, ötən müddət ərzində vətəndaşlarla görüşlərdə bu problem qaldırılmış, insanların müraciətləri təhlil edilərək müvafiq qurumlara təkliflər göndərilmiş, hətta Milli Məclisin plenar iclaslarında dəfələrlə səsləndirilmişdi:

“Deyərdim ki, hökumət vətəndaşların dollar kreditləri ilə bağlı yaşadığı çətinlikləri daha tez aradan qaldırmaq niyyətində idi. Amma bilirsiniz ki, hər bir sosial qərarın arxasında ciddi maliyyə resursu dayanır. Təsadüfi də deyil ki, böhranın nəticələrinə baxmayaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqtisadi islahatlar tez bir zamanda səmərəsini verdi və dövlətimizin inkişafı dinamikləşdirildi, maliyyə imkanlarımız artdı. Məhz buna görə də 2019-cu ilin dövlət büdcəsi müzakirə edilərkən problemli kreditlər məsələsinin həlli, eləcə də cari ilə nəzərdə tutulmuş sosial proqramların maliyyələşdirilməsi haqqında ciddi müzakirələr aparıldı, təkliflər irəli sürüldü. Eyni zamanda, Azərbaycan Prezidenti bu il yanvarın 11-də Nazirlər Kabinetinin iclasında reallaşdırılacaq islahatlar, hətta perspektiv sosial tədbirlər haqqında cəmiyyətimizi məlumatlandırmışdı. Məhz ötən iki ay ərzində cənab Prezident İlham Əliyevin təqribən 3 milyon insanı əhatə edən və maliyyə tutumu təxminən 2,2 milyard manat olan sərəncamları, fərmanları imzalaması, qərarları verməsi sırf Azərbaycan xalqının yaşayışının, rifah halının daha da yüksəldilməsi məqsədinə xidmət edir. Problemli kreditlərin həlli ilə bağlı qərar da dövlətin vətəndaşlara yüksək diqqət və qayğısının növbəti təzahürüdür. 800 mindən çox insanı əhatə edən fərman dünyada analoqu olmayan bir qərardır”.

Millət vəkili əlavə edib ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır və Prezident İlham Əliyevin verdiyi bu qərarlar bütün dünya üçün sosial inqilab nümunəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti