...

Ceyhun Məmmədov: Qarabağla bağlı beynəlxalq təşkilatların mövqeyi Azərbaycan tərəfindədir

Siyasət Materials 6 Sentyabr 2020 16:20 (UTC +04:00)
Ceyhun Məmmədov: Qarabağla bağlı beynəlxalq təşkilatların mövqeyi Azərbaycan tərəfindədir

Trend-i buradan izləyin

Bakı. Trend:

Məlum olduğu kimi Ermənistanın bu cür bəyanatlar verməsi birinci dəfə deyil. Ermənistan davamlı olaraq danışıqlar prosesini pozmağa çalışır. Yəni, gah bunu Tovuzda təxribatlar törətməklə gah Paşinyan Qarabağa səfər etməklə, gah da müəyyən bəyanatlar səsləndirməklə bu məsələyə öz yanaşmalarını ortaya qoymuş olurlar. Təəssüf ki, Ermənistanın hazırkı siyasəti, hazırda Ermənistanda baş verənlər onu göstərir ki, burada bir məqsəd var, o da status-kvonu qorumaq və danışıqlar prosesini pozmaq. Yəni Ermənistan artq sülh barədə düşünmür və davamlı olaraq təxribatçı çıxışlarla çıxış edir. Bu da onu göstərir ki, Ermənistanın hazırkı siyasətində təxribatçılıq ön sıralardan birini tutur. Hesab edirəm ki, burada beynəlxalq qurumların da üzərinə böyük bir vəzifə düşür.

Bu barədə Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Ermənistanın bu təxribatları, bu cəhdləri beynəlxalq aləm, təşkilatlar, dövlətlər tərəfindən kifayət qədər qınanmır, Ermənistana təzyiqlər edilmir və bu da Ermənistanın bu cür təxribatları davam etdirməsi üçün bir zəmin yaradır. Nəticədə Ermənistan öz təxribatçı bəyanatlarında davam edir:

"Bunu Ermənistanın Xarici İşlər Nazirliyinin, Baş Nazirin bəyanatlarında da tez-tez görürük. Gah Qarabağın Azərbaycanın ərazisi olması barədə müxtəlif təkzibedici fikirlərlə çıxış edirlər gah Qarabağ Ermənistandır deyirlər gah da zaman-zaman müxtəlif təxribatçı cəhdləri törədirlər. Yəni Tovuza bəzən biz görürük atəş açdılar, bir neçə gün bundan əvvəl Goranboyda biz bunu gördük, yəni Ermənistan diversiya qrupu Goranboyda təxribatlar törətmək istədi. Ancaq bütün bu cəhdlərin qarşısı alındı. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, tarixin heç bir dövründə Azərbaycan bu qədər güclü olmayıb, Azərbaycan hazırda güclü diplomatiyasını həyata keçirir", - C.Məmmədov deyib.

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə Azərbaycanın dünyada nüfuzu daha da artıb. Qarabağla bağlı beynəlxalq təşkilatların mövqeyi Azərbaycan tərəfindədir, Azərbaycanın yanındadır, onlar Azərbaycan ərazi bütövlüyünü tanıyırlar və zaman-zaman bu barədə fikirlərini bildirirlər. Bugünə kimi Dağlıq Qarabağın müstəqilliyini heç bir ölkə tanımayıbdır. Burada Azərbaycanın xarici siyasətinin çox böyük rolu var. Azərbaycan davamlı olaraq beynəlxalq qurumlarla, ayrı-ayrı ölkələrlə bu istiqamətdə danışıqlar aparır və müəyyən uğurlar qazanır.

"Ermənistanın bütün cəhdlərinə baxmayaraq, biz əminik ki, tezliklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ işğaldan azad olunacaq. Və biz yenidən öz doğma torpaqlarımıza qayıdacayıq. O gün uzaqda deyil. Yəni Ermənistanın bütün təxribatçı cəhdlərinə baxmayaraq bugün Azərbaycanın həyata keçirdiyi uğurlu xarici və daxili siyasət söyləməyə əsas verir ki, biz tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik və Azərbaycan bayrağını Dağlıq Qarabağda, Şuşada, bizim digər rayonlarmızda asacağıq. Bunun üçün Azərbaycanın həm ordusu güclüdür həm güclü xarici siyasət həyata keçirir. Artıq bu zəmin yaradılıb. Qeyd etdiyim kimi, o gün o qədər də uzaqda deyil. Biz tezliklə ona mütləq nail olacayıq", - C.Məmmədov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti