...

Prezident İlham Əliyev Ermənistanın vəhşi və düşmən simasını bir daha ifşa etdi - TƏHLİL

Siyasət Materials 29 Sentyabr 2021 09:18 (UTC +04:00)
Prezident İlham Əliyev Ermənistanın vəhşi və düşmən simasını bir daha ifşa etdi - TƏHLİL

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sesiyasında geniş formatda çıxış edərək bir çox məsələləri dünya ictimaiyyətin diqqətinə çatdırdı. Prezident hər bir məsələ barədə auditoriyanı faktlarla tanış etdi. Azad olunmuş ərazilərimizin işğaldan əvvəl və sonrakı vəziyyəti, ərazilərimizdə törədilən ekoloji terror, dini və mədəni abidələrimizin dağıdılması faktlarına ölkə başçısı öz çıxışında aydınlıq gətirərək Ermənistanın vəhşi və düşmən simasını bir daha ifşa etmiş oldu. Eyni zamanda Prezident İlham Əliyev COVID-19-la səmərəli mübarizə üçün qısa müddətdə ölkəmizdə təkmil infrastrukturun yaradılmasını sessiya iştirakçılarının diqqətinə çatdırdı.

Prezidentin çıxışını Trend-ə şərh edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, Prezident İlham Əliyev BMT-nin Baş Assableyasının 76-cı sesiyasında həm dünyada, həm də regionumuzda baş verən qlobal hadisələrə obyektiv münasibət bildirməklə yanaşı, həm də konstruktiv təkliflərlə çıxış etdi.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyev BMT-nin yüksək kürsüsündən bütün dünyaya açıq şəkildə Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi cinayətlər, Ermənistan tərəfindən işğal edilmiş ərazilərin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsini və BMT Nizamnaməsini əsas götürərək azad edilməsi və yüz minlərlə azərbaycanlının öz dogma yurdlarına qayıtması üçün həyata keçirilən layihələr barədə məlumat verdi.

B.Əliyev vurğulayıb ki, Prezident İlham Əliyev öz çıxışında erməni faşizmini ifşa etdi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqrımı, etnik təmizləmə siyasətini faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı:

“Cənab Prezident qətiyyətlə bəyan etdi ki, münaqişə artıq həll edilib. Bu gün yalnız əməkdaşlıqdan, quruculuqdan söhbət gedə bilər. Ermənistanı, erməni faşizmini qızışdıraraq Azərbaycanı təyziq altında saxlamaq istəyən xarici qüvvələr də, Ermənistan da bu reallığı qəbul etməyə məhkumdur. Əks halda, istənilən aqressiya, revanşizm “Dəmir Yumruq”la qətiyyətlə məhv ediləcəkdir”.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Trend-ə bildirib ki, Prezident İlham Əliyevin sözügedən sessiyadakı çıxışında ekoloji tarazlığın pozulması və təbii ehtiyatların qanunsuz istismarı ilə bağlı məsələlər xüsusi diqqət çəkəndir.

Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyev Ermənistanın uzun illər davam edən işğalçı siyasətinin regionun ümumi inkişafına nə qədər böyük zərbə olduğunu vurğulamaqla, işğala son qoyulmasından sonra bölgənin Azərbaycan tərəfindən iqtisadi-siyasi prioritetlərinin istiqamətləndirilməsinin müxtəlif aspektləri barədə danışıb. Prezident İlham Əliyev çıxışında işğal nəticəsində Azərbaycanın flora və faunasına vurulmuş ziyanların miqyasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

S.Qurbanov bildirib ki, bu çıxışı ilə Prezident İlham Əliyev işğal nəticəsində Ermənistanın təkcə Azərbaycanın deyil, bütövlükdə regionun təbiətinə nə qədər böyük zərbə vurduğunu göstərdi:

“Dövlət başçısının çıxışında su ehtiyatları ilə bağlı məsələlərə xüsusi yer ayırması təsadüfi deyildi. Prezident İlham Əliyev beynəlxalq tribunadan Ermənistan tərəfindən regionun su ehtiyatlarının məhv edilməsini, çirklənməsini və eyni zamanda, vaxtilə bu ölkənin su ehtiyatlarından siyasi təzyiq vasitəsi kimi istifadə etməsini, bu sahədə beynəlxalq hüququn normalarının kobud şəkildə pozulmasını da xüsusi vurğulayıb”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov da Trend-ə bildirib ki, Prezident İlham Əliyev öz çıxışında ermənilərin dinimizə və mədəniyyətimizə qarşı soyqırım törətdiyini faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı:

“Azərbaycan xalqı tarix boyu zaman-zaman ermənilərin soyqırımına məruz qalıb. Belə faciə və müsibətlər ötən əsrin 90-cı illərində Azərbaycan xalqının başına yenidən gətirildi. Onlar işğal etdikləri torpaqlarımızda bütün məktəbləri, mədəniyyət abidələrini, qəbiristanlıqları dağıdaraq yerlə-yeksan ediblər. Məscidlərimiz, tarixi abidələrimiz də dağıntıya məruz qalıb”.

C.Məmmədov qeyd edib ki, ermənilər mülki insanlara qarşı böyük amansızlıqlar sərgiləyib. Onlar təbiətə qarşı da ekoloji terror həyata keçiriblər. İşğal etdikləri ərazilərdə əksər meşə fondlarını məhv ediblər, ağacları qırıblar, hətta ağacların kötüklərini belə yandırıblar:

"Ermənilər bu vəhşilikləri dini abidələrimizə, məscidlərimizə qarşı da törədiblər. Araşdırmalar sübut edir ki, işğaldan azad etdiyimiz ərazilərdə 67 məsciddən yalnız 2-i salamat qalıb. Prezident İlham Əliyev bir çox mötəbər tədbirlərdə bu məsələyə xüsusi olaraq toxunub, erməni vəhşiliyinə dair müxtəlif faktlar səsləndirib, beynəlxalq qurumları bu vandallığa münasibət bildirməyə, qarşısını almağa çağırıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti